Çexiya hökuməti dekabrın 23-nü milli matəm günü elan edib. Dekabrın 21-də Karlov Universitetində 24 yaşlı tələbə 14 nəfərin həyatına son qoyub.
Hadisə nəticəsində 25 nəfər yaralanıb, 10-nun vəziyyəti ağırdır. Bu, ölkə tarixində ən ağır, Avropada isə ən ölümcül silahlı insidentlərdən sayılır.
"Çexiya Respublikası belə bir hadisənin şahidi olmayıb", - daxili işlər naziri Vit Rakusan atışmadan az sonra deyib. O, insidentin beynəlxalq terrorçuluqla hər hansı bağlılığının əlaməti olmadığını sözlərinə əlavə edib.
Qurbanların sayı daha çox ola bilərdi
Polis rəisi Martin Vondrasek atəş açanın intihar etdiyini bildirib. Onun adı açıqlanmayıb, 14 qurbandan biri olub-olmadığı bəlli deyil.
Vondrasek hadisə yerində xeyli sayda silah və sursat gördüyünü, polisin çevik müdaxiləsi olmasaydı, qurbanlarının sayının qat-qat çox ola biləcəyini söyləyib.
Polis qanuni silah sahibi olan bu şəxsin dekabrın 15-də Praqada parkda 32 yaşlı bir kişini və onun ikiyaşlı qızını da öldürməsi ehtimalını araşdırır.
Çex mediasının yazdığına görə, polis atəş açanın yazdığı iddia olunan sosial media postlarını araşdırır.
+++
Praqa meri Boquslav Svoboda bildirib ki, atəş açan şəxs hündürlükdən tullanarkən həlak olub. Onun optik nişangahlı tüfənginin olduğu xəbər verilir.
Şahidlər bildirirlər ki, tələbə atasını güllələdiyini və indi isə hamını öldürəcəyini çığırırmış.
Şübhəli universitetin içində atəş açmaqdan başqa, həm də binanın damından küçədəkiləri atəşə tuturmuş.
AzadlıqRadiosunun bu fakültədə dərs deyən aparıcısı Sergey Medvedev deyib ki, o, tələbələri ilə birlikdə auditoriyada gizlənmişdi.
Bir qadının balkondan düşməyə çalışarkən yıxıldığı xəbər verilir.
Çexiyada silah gəzdirmək hüququ
Çexiyada vətəndaşların silah gəzdirmək hüququ 2021-ci ildən bəri Konstitusiya ilə təsbit edilib.
Sonradan Avropa İttifaqının təzyiqi ilə həmin maddəyə əl silahlarına nəzarətin sərtləşdirilməsinə dair düzəliş edilib. Buna baxmayaraq, ölkədə rəsmi qeydiyyatdan keçmiş silahların sayı nisbətən çox deyil. İndiyədək 989 min 348 şəxsi silah qeydə alınıb.