Portuqaliya parlamenti 2-ci dəfə evtanaziya qanun layihəsini qəbul edib...

Portuqaliyanın parlamenti evtanaziyanın qanuniləşdirilməsinə dair qanun layihəsini yenidən qəbul edib.

Bu barədə Associated Press məlumat yayıb. Məlumata görə, ilin əvvəlində deputatlar sənədi qəbul etsələr də ölkənin Konstitusiya Məhkəməsi həmin sənədi bloklayıbmış.

Qanun layihəsini 138 deputat dəstəkləyib, 84 deputat əleyhinə səs verib, 5 deputat bitərəf qalıb.

Mətnə “tibbi yardımla ölüm”, “tibbi yardımla intihar”, “evtanaziya”, “ağır və ya sağalmaz xəstəlik”, “daimi və ya son dərəcə ağır travma”, “əzab” , "həkim - məsləhətçi" və "mütəxəssis həkim " kimi anlayışlara aydınlıq gətirən yeni maddə əlavə edilib.

İndi sənədə yenidən prezident baxmalıdır.

Buna da bax: Evtanaziya...

Portuqaliya parlamenti hələ 2021-ci ilin yanvarında evtanaziyanın qanuniləşdirilməsinə səs verib.

Lakin ölkə prezidenti Marselo Rebelo di Sosa qanunu imzalamaqdan imtina edərək onu Konstitusiya Məhkəməsinə göndərib.

Məhkəmə isə hesab edib ki, qanun layihəsində “tibbi yardımla ölümün dekriminallaşdırılması tələblərinin müəyyən edilməsində həddən artıq qeyri-müəyyən anlayışlardan” istifadə olunur.

İndi evtanaziya Belçika, İspaniya, Lüksemburq, Hollandiya, Kanada və Kolumbiyada, həmçinin Avstraliya və ABŞ-ın bəzi ştatlarında qanuniləşdirilib.