Polşa ukraynalı silah rəsmisinə sui-qəsd cəhdində şübhəlini həbs edib

Arxiv fotosu

Polşa Ukraynanın silah sənayesi rəsmisinə sui-qəsd cəhdində şübhəli bilinən Ukrayna vətəndaşını həbs edib. Onun Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət etdiyi bildirilir. Xəbəri Polşa prokurorluğu və Daxili Təhlükəsizlik Agentliyi (ABW) yayıb.

Qərb ölkələri və Ukrayna Rusiyanı təxribat və casusluq əməliyyatları üçün müxtəlif şəxsləri, o cümlədən ukraynalıları əməkdaşlığa cəlb etməkdə suçlayır. Rusiya isə bu ittihamları dəfələrlə rədd edib.

“Reuters” Rusiyanın Polşadakı səfirliyindən açıqlama ala bilməyib.

Serhiy P. kimi təqdim edilən şübhəli Kiyev yaxınlığındakı İrpin şəhərində Ukraynanın silah sənayesi təmsilçisini öldürməyə cəhddə ittiham olunur. Onun həmin şəxsin avtomobilinin altına əldəqayırma partlayıcı qurğu yerləşdirdiyi bildirilir.

Qurğu nasazlıq səbəbindən partlamayıb, şübhəli Polşaya qaçıb və Varşavada həbs edilib.

Ona partlayıcı maddədən istifadə etməklə qəsdən adam öldürməyə cəhd, icazəsiz partlayıcı maddə saxlamaq ittihamları irəli sürülüb. Bu maddələrlə 15 ilədək, yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.

Bu ayın əvvəlində Polşa Rusiya vətəndaşını həbs edib. Həmin şəxs Moskvanın tapşırığı ilə Varşavada Ukrayna və ABŞ vətəndaşını öldürməyi planlaşdırmaqda ittiham olunur.