Polşada etirazlar səkkiz gündür davam edir

Varşavada etiraz, 20 iyul 2017

Polşada iyulun 23-də müxalifət mitinqləri artıq 8-ci gün davam edib. Etirazçılar qanunvericiliyəhakimiyyətin məhkəmə sistemi üzərində nəzarəti gücləndirəcək dəyişiklik olunmasına qarşıdırlar.

Varşavada nümayişçilər Prezident sarayının qarşısına toplaşıblar. Əllərində Polşa və Avropa Birliyinin bayraqlarını tutan aksiyaçılar «Müstəqil məhkəmə», «Azadlıq, bəbabərlik, demokratiya» və «Azad Polşa» kimi şüarlar səsləndiriblər.

Hazırda məhkəmədə islahatı nəzərdə tutan qanun layihəsinə yalnız prezidentAndrzej Duda-nın imza atması qalır. İndiyədək hakim «Hüquq və Ədalət» partiyasının xəttini müdafiə edən prezidentin qanuna imza atmaq və ya veto qoymaqla bağlı qərarı 21 gün ərzində açıqlanmalıdır.

Hakim partiyadan olanlar hesab edirlər ki, sosialist dövründən qalan məhkəmə sistemində «ciddi dəyişikliklər»ə, o cümlədən kadr dəyişikliklərinə ehtiyac var.

Yerli müxalifətlə yanaşı Avropa Birliyi də sözügedən dəyişiklik istəyini pisləyirlər, hesab edirlər ki, bu dyişiklik məhkəmə sisteminin müstəqilliyinə və qanunun aliliyinə xələl gətirəcək.

Polşanın baş naziri Beata Szydlo isə Avropa Birliyinin tənqidlərinə cavab olaraq bildirib ki, Polşanın qanunvericiliyi onun öz daxili işidir və hakimiyyət heç bir xarici təzyiqə tabe olmayacaq.