Polşada miqrantlara dəstək yürüşləri

Polşa-Belarus sərhədi

Parlamentin ötən həftə qanunvericiliyə etdiyi dəyişikliyə görə, sərhədçilərin komandirləri ölkəyə qanunsuz girənləri uzaqlaşdırmaq əmri verə bilərlər

Polşanın Varşava və Krakov şəhərlərində yüzlərlə insan nümayişə çıxaraq qaçqınlarla daha yaxşı rəftar etməyə çağırıblar. Söhbət Yaxın Şərq və digər yerlərdən Avropa Birliyinə daxil olmaq üçün “Belarus marşrutu”ndan istifadə edən qaçqınlardan gedir.

Yürüşlər oktyabrın 17-də keçirilib. Polşa hökuməti isə bu arada qanunsuz miqrant axınını önləmək üçün sərt tədbirlərə əl atmalı olur.

Varşavada etirazçılar parlamentin aşağı palatası Seymin qarşısına yığışaraq “Sərhəddə işgəncəni dayandırın” şüarı səsləndiriblər.

Deportasiyalara son qoymağa çağıran etirazçılar Polşanın Belarusla sərhədində miqrantların geri qaytarılmasını pisləyiblər.

Buna da bax: Serbiyada hostel miqrantlara görə bağlanıb

Almaniyaya keçənlər

Polşa hökuməti öz ərazisinə və AB-yə keçməyə çalışan miqrant axınını önləməyə çalışır, eyni zamanda qaçqınlarla rəftardan narazılıq edən insan haqları fəallarının ittihamlarını cavablayır.

Varşava Belarusla sərhəddə fövqəladə vəziyyət elan edib, son böhranla əlaqədar daimi sədd ucaldır.

AB və hökumət rəsmiləri Belarusu idarə edən Alyaksandr Lukaşenkanı miqrantlardan Qərbə qarşı “silah kimi istifadə”də suçlayır. 2020-ci ilin prezident seçkisinin nəticələrinə etiraz edənlərin qəddarlıqla yatırdılmasından sonra Minsk Qərbin sanksiyaları ilə üzləşib.

Almaniya hakimiyyəti “Belarus marşrutu” ilə qanunsuz miqrant axınından şikayətlənir. Avqustdan bəzi Polşa və Belarusdan 4 min 300 nəfərin ölkəyə qanunsuz girdiyi bildirilir.

Sənədsiz miqrantların əsasən İraq, Suriya, Yəmən və İrandan getdiyi qeyd olunur.

Sizin brauzer HTML5-i dəstəkləmir

Belarusla Litva arasında qalmış qaçqınlar

Hökumətin planları

Polşa əsgərləri artıq Belarusla sərhəddə 2.5 metrlik tikanlı səddin ucaldılması üzərində işləyirlər. Daxili işlər naziri Marius Kaminski deyib ki, ölkənin “müşahidə sistemi və hərəkət detektorları ilə təmin olunmuş möhkəm, hündür hasara” ehtiyacı var.

Hökumətin tikintiylə bağlı planında “divar” termini işlədilmir, “sədd”, “barrikada” sözlərinə üstünlük verilir. Plan hazırda baxılmaq üçün Polşa parlamentindədir.

Parlamentin ötən həftə qanunvericiliyə etdiyi dəyişikliyə görə, sərhədçilərin komandirləri ölkəyə qanunsuz girənləri uzaqlaşdırmaq əmri verə bilərlər.

BMT-nin qaçqınlar üzrə agentliyi (UNHCR) isə bu addımın insanların fundamental sığınacaq istəmək hüququnu pozduğunu, BMT-nin Qaçqın Konvensiyasına zidd olduğunu bildirib.