Polşa Belarusu silahlı ‘müdaxilədə’ ittiham edib

Miqrantlar Polşa-Belarus sərhədində

Avropa İttifaqı Alyaksandr Lukaşenkanı qanunsuz miqrantları əvvəlcə öz ölkəsinə gətirib buradan Avropaya keçmələrinə şərait yaratmaqda ittiham edir

Polşa noyabrın 3-də Belarusu onun ərazisinə silahlı “müdaxilə” etməkdə günahlandırıb və Belarus səfirini Xarici İşlər Nazirliyinə dəvət edib.

Səfirə Belarusu sərhəddə vəziyyəti “bilərəkdən gərginləşdirməkdə” ittiham edən etiraz notası təqdim olunub.

Artıq bir neçə aydır ki, Yaxın Şərq və Afrikadan olan miqrantlar Belarusdan sərhədi keçərək Polşaya gəlməyə cəhdlər göstərir.

Belarus ərazisindəki miqrantlar Avropa İttifaqının üzvü olan Latviya və Litva ərazisinə də keçməyə çalışırlar.

Buna da bax: Bir sutkada sərhədi 700 qanunsuz keçmə cəhdi

Lukaşenkanın “qisası”

Avropa İttifaqı Belarusun avtoritar rəhbəri Alyaksandr Lukaşenkanı qanunsuz miqrantları əvvəlcə öz ölkəsinə gətirib buradan Avropaya keçmələrinə şərait yaratmaqda ittiham edir.

Brüssel bildirir ki, Lukaşenka bununla da Avropa İttifaqından Minsk və şəxsən onun öz üzərinə qoyulmuş sanksiyalara görə qisas alır.

Aİ Lukaşenka, onun ailə üzvləri və Belarusun başqa rəsmiləri üzərinə sanksiyaları bu ölkədə prezident seçkisinin saxtalaşdırılmasına, buna etiraz edən müxalifət və fəallara divan tutulmasına görə qoyub.

Polşa XİN bildirib ki, “əllərində uzun tüfənglər olan naməlum şəxslər” noyabrın 1-2-də gecə sərhədi qanunsuz keçiblər.

XİN-in bəyanatında deyilir ki, nazir müavini Pyotr Vovçek Belarus tərəfinə Polşa sərhədinin pozulması ilə bağlı sərt nota təqdim edib.

Buna da bax: Belarusda 'Regnum' a giriş bloklanıb, bir jurnalistə də ittiham irəli sürülüb

Polşa sərhədçilərinə atəş açılıb

Notada deyilir ki, son hadisələr belə hərəkətlərin rəsmi Minsk tərəfindən qızışdırıldığını göstərən əlamətlərə malikdir.

Vovçek deyib ki, Polşa özünün və Avropa İttifaqının sərhədlərini ciddi mühafizə etmək əzmindədir.

O bildirib ki, Polşa və onun müttəfiqləri Minsk tərəfindən “təşkil edilən qanunsuz mühacirətə” etiraz edirlər.

Polşa son həftələrdə Belarusla sərhədi boyunca fövqəladə vəziyyət elan edib, sərhəd hasarlarına kəsici məftillər çəkib.

Polşa millət vəkilləri ötən həftə ölkənin şərq sərhədinin möhkəmləndirilməsi məqsədilə 407 milyon dollar ayrılmasnı nəzərdə tutan qanunu qəbul ediblər.

Ötən ay Polşa Sərhəd Kerşiyi bildirmişdi ki, Belarus qüvvələri onun sərhədçilərinə atəş açıb.

Bu da qeyd olunurdu ki, atəş ehtimalən boş güllələrlə açılıb.

Polşa habelə Belarusu sərhəd hasarındakı kəsici məftilləri sökməkdə və miqrantları da buna təhrik edtməkdə ittiham edir.