Polşada Ukraynaya gedən dəmiryol xətti zədələnib

D.Tusk Varşava-Lublin istiqamətində dəmiryol relslərinin zədələndiyi yerdə

Polşanın şimal-şərqində Ukrayna ilə ölkəni birləşdirən dəmiryol xətti zədələnib. Qatarın maşinisti zədələnməni görərək Mazovets vilayət polisinə məlumat verib.

Polisin məlumatına görə, qatarda iki sərnişin və bir neçə işçi olub, heç biri xəsarət almayıb.

Polşanın baş naziri Donald Tusk sabotaj ehtimalını istisna etmədiyini bildirib. Daxili işlər nazirinin müavini Maçey Duşik isə zədələnmənin partlayış səbəbindən baş vermədiyini deyib, amma detallı danışmayıb.

Tusk daha sonra yazıb ki, Varşava – Lublin xəttində partlayıcı qurğu işə düşüb: "Təəssüf ki, ən pis qorxular təsdiqləndi".

İyulda Polşada sabotaj aktları təşkil etmək məqsədilə Rusiya xüsusi xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinən 32 nəfər saxlanıb. Cinayətkar qrupa Polşa, Rusiya, Ukrayna, Belarus və Kolumbiya vətəndaşları daxil idi. Polşa Daxili Təhlükəsizlik Agentliyi bildirirdi ki, onlar cinayətləri Rusiya kəşfiyyatının göstərişi ilə gerçəkləşdirib, yaxud planlaşdırıb.

Rusiya Polşada diversiya və sabotajla bağlı ittihamları rədd edir. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Varşavanın iddialarını sübutsuz adlandırır, ölkələr arasındakı gərginliyi artırmağa yönəldiyini deyir.