Polşadan Ukraynaya xəbərdarlıq: 'Bandera ilə Avropa İttifaqına daxil ola bilməzsiniz'

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış

Polşa baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış xəbərdarlıq edib ki, Kiyev OUN və UPA təbliğatından əl çəkməzsə, Avropa İttifaqına (Aİ) üzv olmaq yolunda böyük əngəllərlə qarşılaşacaq. Siyasətçi bu barədə "Polsat News" telekanalının efirində danışıb.

Nazir vurğulayıb: "Avropa əməkdaşlığına zərbə vuranları fəxri kürsüyə qaldırmaq olmaz. Ukrayna Bandera ideologiyası ilə Aİ-yə daxil ola bilməyəcək. Hansısa dövlətin Avropa İttifaqına qəbulu ilə bağlı necə səs verəcəyimizi bizə heç kim diktə edə bilməz".

Kosinyak-Kamış həmçinin bildirib ki, Kiyev dron istehsalı texnologiyalarını Polşa ilə bölüşməkdən boyun qaçırıb. Buna görə də Varşava Ukraynaya "MiQ-29" qırıcılarını göndərməyəcək: "Mən kifayət qədər tərəfdaşlıq layihəsi təklif etmişdim: dronlar müqabilində qırıcılar. Ukraynalılar əvvəlcə razılaşsalar da, sonradan şərti yerinə yetirmədilər. Bu səbəbdən Ukraynaya "MiQ" verilməyəcək, çünki Polşanın nə dronları var, nə də onlardan istifadə imkanları".

Polşa prezidenti Karol Navrotski Ukrayna bölmələrindən birinə "UPA Qəhrəmanları" adı verilməsinə görə Volodimir Zelenskini "Ağ Qartal" ordenindən məhrum etdikdən sonra iki ölkə arasındakı gərginlik daha da artıb. Zelenski mükafatı poçtla geri göndərib. Bundan sonra Ukraynanın xarici işlər naziri Andriy Sibiqa, Prezident Ofisinin rəhbəri Kirill Budanov, həmçinin ölkənin üç sabiq prezidenti – Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenko da Polşanın dövlət mükafatlarından imtina etdiklərini açıqlayıblar.

Tarixi kontekst

UPA (Ukrayna Üsyançı Ordusu) İkinci Dünya müharibəsi və ondan sonrakı dövrdə, əsasən, Qərbi Ukrayna ərazisində fəaliyyət göstərmiş, Stepan Bandera rəhbərliyi altında olmuş ukraynalı millətçilərin silahlı birləşməsidir. Təşkilat SSRİ və nasist Almaniyasından asılı olmayan müstəqil Ukrayna dövləti yaratmağı hədəfləmişdi.

1943–1945-ci illərdə Volın və Şərqi Qalisiya ərazilərində polyak əhalisinə qarşı kütləvi qırğın törədilib. Polşa tərəfi bu qanlı hadisələrə görə məsuliyyəti birbaşa UPA-nın üzərinə qoyur. Polşalı tarixçilərin əksəriyyətinin hesablamalarına görə, qətliam qurbanlarının sayı 35–40 min polyakdır. Bununla belə, Polşanın ictimai-siyasi dairələrində bu rəqəmin 100 minə çatdığı da tez-tez vurğulanır. Polşa parlamenti Volın qətliamını soyqırımı kimi tanıyıb. Ukraynalı tarixçilər də polyakların kütləvi şəkildə qətlə yetirilməsi faktını etiraf edirlər, amma eyni zamanda bölgədəki ukraynalı əhali arasında da ciddi itkilər olduğunu xatırladırlar.