Polşa qırıcıları Baltik dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsini tutublar. Təyyarənin ölkənin hava məkanına yaxınlaşdığı bildirilir. Xəbəri Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı yayıb.
İnsident dekabrın 25-də səhər baş verib.
Hərbçilər onu da bildiriblər ki, gecə Belarus tərəfdən Polşanın hava məkanına girən obyektlər aşkarlanıb. Bunların qaçaqmal daşıyan hava şarları olduğu güman edilir.
"Təhlükəsizlik məqsədilə hava məkanının bir hissəsi müvəqqəti olaraq mülki hərəkət üçün bağlanıb", – məlumatda deyilir.
Son aylar Rusiya qırıcıları və dronları NATO ölkələrinin hava məkanını dəfələrlə pozub. "Bloomberg" yazır ki, sentyabrın sonunda Britaniya, Fransa və Almaniya diplomatları Moskvaya xəbərdarlıq ediblər. Rusiyaya deyilib ki, NATO qüvvələri alyansın hava məkanını pozan Rusiya qırıcılarını vurmağa hazırdır.
Kremlin sözçüsü Dmitri Peskov isə bəyan edib ki, bu cür aqressiv bəyanatlar Rusiya sərhədləri yaxınlığında gərginliyin daha bir mənbəyidir.
Buna da bax: Belarusdan Litvaya keçən hava şarları: qaçaqmalçılıq, hibrid hücum, hər ikisi?