Bazar ertəsi axşam Polşa Dövlət Mühafizə Xidməti Varşavada hökumət binaları və Belveder prezident sarayı üzərində uçan pilotsuz aparatı zərərsizləşdirib. Baş nazir Donald Tusk hadisə ilə bağlı iki Belarus vətəndaşının saxlanıldığını və hadisənin başvermə şəraitinin araşdırıldığını bildirib.
Tusk dronun növü və necə zərərsizləşdirildiyi barədə ətraflı məlumat verməyib.
Polşada təhlükəsizlik tədbirləri ötən həftə onun hava məkanının dronlarla kütləvi şəkildə pozulması, eləcə də Belarusda keçirilən "Qərb-2025" təlimləri ilə əlaqədar gücləndirilib. Varşava və onun müttəfiqləri dronların Rusiyaya məxsus olduğunu iddia edirlər.
NATO ölkələri bugünlərdə "Şərq gözətçisi" əməliyyatının başladığını elan ediblər, Danimarka, Fransa, Almaniya və Böyük Britaniyadan olan qırıcılar Polşanın hava məkanının qorunmasına qoşulublar.
Polşa Belarusla sərhədini tamamilə bağlayıb.
Rusiya hakimiyyəti Polşanın hava məkanını pozan dronların Rusiyaya məxsus olduğunu inkar edir. Eyni zamanda, Moskva NATO-nu aqressiv niyyətlərdə ittiham edir.
- Belarus Müdafiə Nazirliyinin bildirdiyinə görə, Minskin dəvəti ilə amerikalı hərbçilər "Zapad-2025" təlimlərini izləyiblər. "Reuters" yazır ki, hərbi attaşelərin təlimlərə dəvət edilməsi adi təcrübə olsa da, amerikalı zabitlərin iştirakı ABŞ prezidentinin nümayəndəsinin Belarus paytaxtına son səfərindən və ardınca 50-dən çox siyasi məhbusun azadlığa buraxılmasından sonra Vaşinqtonla Minsk arasında münasibətlərin istiləşməsinin növbəti əlaməti ola bilər. Belarus Müdafiə Nazirliyi də Polşaya dron hücumunda yaxasını kənara çəkir.