Polşa, Estoniya, Latviya və Litva piyadalar əleyhinə minaların qadağan olunması haqqında Ottava Konvensiyasından geri çəkilməyə hazırlaşır.
Müvafiq qərarla bağlı bu ölkələrin müdafiə nazirləri birgə bəyanat yayıb.
Bəyanatda bildirilib ki, bu Konvensiyanın ratifikasiyasından bəri regionda təhlükəsizlik vəziyyəti əsaslı şəkildə pisləşib.
Müdafiə nazirləri vurğulayıb ki, Rusiya və Belarusla həmsərhəd olan NATO dövlətləri üçün hərbi təhdidlər xeyli artıb: "Bu mülahizələri nəzərə alaraq, biz – Estoniya, Latviya, Litva və Polşanın müdafiə nazirləri yekdilliklə Ottava Konvensiyasından çıxmağı tövsiyə edirik. Bu qərarla biz açıq mesaj veririk: ölkələrimiz ərazimizi və azadlığımızı müdafiə etmək üçün hər cür tədbirə hazırdır".
Piyadalar əleyhinə yerüstü minaların istehsalına, daşınmasına və istifadəsinə qadağa qoyulması haqqında Ottava Konvensiyası 1997-ci ildə qəbul edilib. Konvensiyaya 160-dan çox ölkə qoşulub. Azərbaycan və Ermənistan da daxil olmaqla 34 ölkə Konvensiyaya qoşulmayıb. Aİ-də daxil olmaqla, müxtəlif beynəlxalq qurumlar hər iki ölkəyə Konvensiyaya qoşulmaqla bağlı çağırışlar edib.