Polşa Seymi abortla bağlı qanunvericiliyi yumşaldan iki qanun layihəsini təsdiqləyib. "Onet" nəşrinin məlumatına görə, deputatlar abortun qismən dekriminallaşdırılmasını və döldə ağır inkişaf qüsurları aşkarlandığı hallarda hamiləliyin dayandırılması hüququnun bərpasını dəstəkləyiblər. Hazırda Avropada bu sahədə ən sərt qanunvericiliklərdən biri məhz Polşadadır.
Birinci qanun layihəsi abort etdirmək istəyən hamilə qadına kömək göstərilməsinə görə cinayət məsuliyyətinin ləğvini nəzərdə tutur. Hazırda buna görə 3 ilədək həbs cəzası düşür.
Hamiləlik qadının sağlamlığına ziyan vurduqda, yaxud uşağın ağır qüsurlu doğulma riski olduqda, həkimlər aborta görə cinayət məsuliyyəti daşımayacaqlar.
Cinayət Məcəlləsinə dəyişikliyin lehinə 217, əleyhinə 213 deputat səs verib, 3 nəfər isə bitərəf qalıb.
İkinci qanun layihəsi döldə ağır patologiyalar aşkarlandığı hallarda hamiləliyin dayandırılmasına icazə verir. Bu layihəni 233 deputat dəstəkləyib, 203 deputat əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb.
Bu təşəbbüs Polşa Konstitusiya Tribunalının 2020-ci il oktyabrın 22-də çıxardığı qərarın fəsadlarını aradan qaldıracaq. Həmin qərarla döldə ağır inkişaf qüsurları səbəbindən abort edilməsi konstitusiyaya zidd sayılmışdı.
Bu qərar 2021-ci ildə qüvvəyə mindikdən sonra aborta yalnız iki halda icazə verilirdi: qadının sağlamlığı təhlükə altında olduqda və hamiləlik təcavüz nəticəsində baş verdikdə.
2023-cü ilin sonunda hakimiyyətə gələn baş nazir Donald Tuskun liberal "Vətəndaş Koalisiyası" abortla bağlı qanunvericiliyi yumşaltmağı vəd etmişdi. Amma bu islahatlar mühafizəkar siyasi qüvvələrin müqaviməti və hakim koalisiya daxilindəki fikir ayrılıqları ilə üzləşib.
Seymin qəbul etdiyi layihələr hələ növbəti mərhələlərdən də keçməlidir. Aşağı palatadakı səsvermə yeni qaydaların dərhal qüvvəyə minməsi demək deyil.