Törətmədiyi qətl hadisəsinə görə 4 il həbsdə saxlanandan sonra bəraət almış Polad İsmayılova məhkəmənin kəsdiyi 59 min manatlıq kompensasiya azaldılıb. Buna əsas kimi qanunsuz həbsi nəticəsində ona maddi ziyan dəydiyini P.İsmayılovun sübut edə bilmədiyi göstərilib. Bugünlərdə Nəsimi rayon Məhkəməsi qərar verib ki, P.İsmayılova yalnız mənəvi zərərə görə həbsdə olduğu hər ay üçün min manatdan hesablanmaqla, 46 min manat təzminat ödənilə bilər.
Gəncə sakini P.İsmayılov 2020-ci ilin fevralından 2023-cü il dekabrın 28-dək həbsdə olub. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsiylə 11 il azadlıqdan məhrum edilən İsmayılov 3 il 10 aydan sonra bəraət alıb və həbsdən buraxılıb.
Həbsindən öncə "Mega Trans" MMC-də sürücü çalışan və yükdaşımalarla məşğul olan P.İsmayılov Zaqatalada evini günlük kirayə verən Seyran Əyyubovanı sözləri çəp gəldiyindən öldürməkdə suçlanırdı. Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqındakı 11 illik cəza hökmünü Apellyasiya Məhkəməsi də qüvvədə saxlamışdı. Ali Məhkəmə kassasiya şikayətinə baxarkən qərarı ləğv etmiş, işi yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarmışdı. Şəki Apellyasiya Məhkəməsində bu iş təkrar araşdırılandan sonra 2023-cü il dekabrın 28-də P.İsmayılova bəraət verilmişdi. Prokurorluq bəraət hökmündən Ali Məhkəməyə protest versə də, nəticə dəyişməmişdi.
Qanunsuz həbsə görə kompensasiya istəyib
Ardından P.İsmayılov cinayət törətmədiyi halda, qanunsuz həbsdə saxlandığı üçün kompensasiya tələbiylə məhkəməyə müraciət etmiş, Gəncə şəhər Məhkəməsində maddi ziyana görə 78 min 200 manat, mənəvi ziyana görə isə 100 min manat təzminat ödənilməsi barədə iddia qaldırmışdı. Cavabdeh kimi Maliyyə Nazirliyini göstərən şikayətçi bunu da belə əsaslandırmışdı ki, ona dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan dəyib. Dövlətin maliyyə siyasətini müəyyənləşdirən orqan da Maliyyə Nazirliyidir.
Gəncə şəhər Məhkəməsi iddianı qismən təmin edərək mənəvi ziyana görə hər aya min manatdan hesablanmaqla (46 ay üçün) 46 min manat, maddi ziyanın əvəzi olaraq da 13 min 240 manat (toplam 59 min 240 manat) kompensasiya kəsmişdi.
Bu qərardan istər P.İsmayılov, istərsə Maliyyə Nazirliyi narazı qaldığından apellyasiya şikayəti verilib. Gəncə Apellyasiya Məhkəməsi Maliyyə Nazirliyinin Bakıda Nəsimi rayonu ərazisində yerləşdiyini əsas gətirərək şikayətə paytaxtda - Nəsimi rayon Məhkəməsində baxılmasına qərar verib.
P.İsmayılov məhkəməyə ərizəsində ona dəymiş ziyanı əsaslandırarkən göstərib ki, həbsindən öncə "Mega Trans" şirkətində sürücü işləyib, xarici ölkələrə yük aparıb-gətirib. Ayda iki dəfə səfərə çıxıb, buna görə min dollar alırdı. Beləcə, həbsdə olduğu 3 il 10 ay ərazində təxminən 46 min dollar qazanc itirib. Onun sözlərinə görə, səfərdə olmadığı vaxtlarda da ticarətlə məşğul olub, hər ay təxminən 800 manat qazanıb.
Maliyyə Nazirliyi
Maliyyə Nazirliyi kompensasiya tələbinə etiraz edib
Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəməyə etiraz ərizəsində isə vurğulanıb ki, ona qarşı hüquq pozuntusunu Maliyyə Nazirliyi yox, Baş Prokurorluq törədib: "Dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı çıxış edir. Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı deyil, bununla bağlı müstəqil çıxış etmək hüququ yoxdur. Nazirlik öz əsasnaməsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir".
Etirazda P.İsmayılovun istədiyi kompensasiyanın məbləğinə diqqət çəkərək tələbin şişirdilmiş və absurd olduğu, beynəlxalq məhkəmələrin bənzər işlər üzrə qəbul etdiyi qərarlara zidd getdiyi bildirilib.
P.İsmayılovun vəkili isə təzminatın məbləği barədə məsələdə elə Azərbaycanda Ali Məhkəmənin Plenumunun Respublikaçı Alternativ (REAL) partiyasının keçmiş sədri İlqar Məmmədova 5 il 6 aylıq həbsə görə mənəvi ziyanın əvəzi olaraq 234 min manat kompensasiya təyini etməsini yada salıb.
Nəsimi rayon Məhkəməsi isə bugünlərdə qərar verib ki, P.İsmayılova maddi ziyana görə kompensasiya təyin olunmamalıdır. Yalnız mənəvi ziyana görə 46 min manat təzminat kəsən məhkəmə qərarını bununla əsaslandırır ki, P.İsmayılov həbs olunanadək gəlir əldə etməsini və ona dəyən maddi ziyanı sübut edə bilməyib.
P.İsmayılovun "Mega Trans" MMC-nin yükdaşıyan sürücüsü çalışdığına, Zaqataladakı daş bazarına gedib-gəldiyinə görə S.Əyyubovanın evindən, ara-sıra, günlük kirayə qalması isə onunla bağlı cinayət işində də yer almışdı.
Xatırlatma
P.İsmayılov Zaqatalada evini sürücülərə günlük kirayə verən S.Əyyubovanı 2011-ci ilin fevralında qətlə yetirməkdə suçlansa da, hadisədən 9 il sonra – 2020-ci ilin fevralında həbs edilib. Öncə ona polisə müqavimət ittihamı ilə 10 sutka inzibati həbs cəzası verilib. Həbsdə olduğu müddətdə ondan ərizə alınıb. Orada göstərilib ki, S.Əyyubovanı öldürdüyünə görə vicdan əzabı çəkir və bunu etiraf etmək istəyir. Ardından ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsiylə ittiham irəli sürülüb.
P.İsmayılov məhkəmədə bildirib ki, 9 il bağlı qalmış cinayətin guya üstünün açıldığı görüntüsünü yaratmaqdan ötrü qurban seçilib. Cinayətin işgəncə, təhdid yolu ilə boynuna qoyulduğunu da vurğulayıb: "Əl-ayağımı skoçladılar, o qədər döydülər, deyiləsi deyil. Gördülər, alınmır. Eləmədiyim şeyi necə boynuma götürüm?! Məni övladlarımla hədələdilər, bir də dedilər ki, o murdar hərəkəti də boynuna qoyacağıq. Bildim ki, bunlardan nə desən, gözləmək olar. Övladlarım, ailəm var, mən o adla necə həyata davam edim, ona görə razılaşdım...".
Bu illər ərzində məhkəmələrdə P.İsmayılovun hüquqlarını vəkil Zabil Qəhrəmanov qoruyub. İndi həmin vəkil də ötən il oktyabrın 23-dən həbsdədir.
Z.Qəhrəmanov özünü təqsirli bilmir, Gəncə polisindəki özbaşınalıqları ictimailəşdirdiyinə görə cəzalandırıldığını deyir.