Həbsdə olan xeberman.com saytının rəhbəri Polad Aslanovun həkimlərin israrlı tövsiyələrindən sonra yanvarın 25-də aclıq aksiyasını dayandırdığı deyilir.
Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova bildirib.
Onun sözlərinə görə, bugün, yanvarın 25-də yoldaşı özü zəng edib və aclığı dayandırdığını təsdiq edib: "Onun sözlərinə görə, qan təhlilləri çox pis çıxıb.”
Xanımının vurğulamasına görə, həkimlər deyiblər ki, aclığı davam etdirərsə, Polad Aslanovun səhhətində ciddi problemlər yarana bilər.
Bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Aslnovun yanvarın 6-dan bu aksiyaya başladığı və onun işinin yenidən araşdırılmasını tələb etdiyi bildirilirdi.
Xatırlatma
Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Həmin ilin noyabrında Polad Aslanov 16 il azadlıqdan məhrum edilib. O, özünü təqsirli bilmir.