Polad Aslanovdan xəbər var 

Polad Aslanov

1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan "Xeberman.com" saytının təsisçisi və redaktoru Polad Aslanovun iyulun 12-də aclıq aksiyasına başladığını elan etdiyi bildirilir.

Bu barədə onun həyat yoldaşı Gülmira Aslanova məlumat yayıb. Xanımının deməsinə görə, həyat yoldaşı ona olan təzyiqlərə etiraz edir. G.Aslanova vurğulayıb ki, koronavirus pandemiyasına görə, məhbusların yaxınları ilə görüşləri qadağandır. Onun iddiasına görə, bəzi məhbuslara pul əvəzində uzunmüddətli və qısamüddətli görüşlərə imkan verildiyi deyilir.

" Pulu olmayanlar buna etiraz edirlər. Buna görə məhbuslardan birinin aclıq elan etdiyi deyilir. Müəssisə rəhbərliyi hesab edir ki, Polad məhbusları təhrik edir. Poladdan tələb ediblər ki, o aclıq aksiyasını dayandırsın. Son nəticədə, həmin məhbusu bəyanat yazmağa məcbur ediblər və o yazıb ki, ondan pul tələb edilməyib ", - deyə Gülmirə Aslanova bildirib.

Penitensiar Xidmət təkzib edir

Penitensiar Xidmətin İctimai əlaqələr şöbəsindən isə " Turan" Agentliyinə bildiriblər ki, P.Aslanovun aclıq aksiyası keçirməsi, ona təzyiq göstərilməsi və məhbuslardan pul tələb edilməsi barədə məlumatlar həqiqətə uyğun deyil.

"Polad Aslanova heç bir təzyiq yoxdur. Ondan, bütün digər məhkumlardan olduğu kimi, daxili intizam qaydalarına riayət etmələri tələb olunur", - deyə qurumun nümayəndəsi bildirib.

Polad Aslanovun bir müddət əvvəl də, Apellyasiya Məhkəməsinin şikayətini təmin etmədiyi zaman aclıq aksiyası elan etdiyi açıqlanmışdı.

Xatırlatma

P.Aslanov 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq həbs edilib. O,məhkəmənin qərarı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. P.Aslanov, ittihamı rədd edərək, yazılarına görə, cəzalandırıldığını açıqlayıb.