Bu həftə ABŞ-nin müdafiə naziri Pit Heqset Nümayəndələr Palatasında impiçment səsverməsi ilə üzləşə bilər.
Kentukki ştatından olan respublikaçı konqresmen Tomas Massi dünən – noyabrın 9-da Heqsetə qarşı səkkiz maddədən ibarət impiçment qətnaməsi təqdim edib. Nümayəndələr Palatasında mümkün səsvermə üçün nəzərdə tutulan iki günlük müddət artıq başlayıb. İttihamlar arasında Konqresin razılığı olmadan İrana qarşı müharibə aparılması və səlahiyyətlərdən sui-istifadə ilə bağlı digər hallar yer alır.
Massi jurnalistlərə bildirib ki, palatanın respublikaçı rəhbərliyi prosedur xarakterli təklif irəli sürərək qətnaməni gündəmdən çıxara, impiçmentin mahiyyəti üzrə birbaşa səsvermədən yayınmağa çalışa bilər.
Demokratlar yanvarın 3-də Nümayəndələr Palatasına nəzarəti rəsmi olaraq təhvil alanadək prezident Donald Trampın Respublikaçılar Partiyası palatada çoxluğu əlində saxlayır. Amma "Reuters" Konqresdəki mənbələrə istinadla yazır ki, qətnamənin qəbul edilməsi üçün yetərincə səs toplana bilər.
Senatda isə Heqsetin təqsirli bilinməsi ehtimalı aşağıdır. Çünki bunun üçün səslərin üçdə ikisi tələb olunur, respublikaçılar isə 100 yerlik Senatda 53 mandata malikdirlər.
Prezident D.Tramp ötən gün "Reuters"ə müsahibəsində Heqseti müdafiə edib, ABŞ ordusunun İran və Venesueladakı əməliyyatlarından danışıb: "O, iki müharibədə qalib gəlib. Başa düşmürəm, onu necə impiçment etmək olar?".
Ötən həftə Konqresə keçirilən aralıq seçkilərdə respublikaçıların məğlubiyyətinin səbəblərindən biri də seçicilərin İranla müharibədən narazılığı ilə bağlıdır.
Müharibədən qaynaqlanan bu narazılıq ötən həftəki aralıq seçkilərində demokratların Konqresə nəzarəti ələ keçirməsinə kömək edib. Vitse-prezident Cey Di Vens də bu barədə açıq danışıb.
Jurnalistlər Heqsetdən impiçment təşəbbüsünü önləmək üçün respublikaçılar arasında yetərincə dəstəyinin olub-olmadığını soruşublar. O isə: "Bundan narahat deyilik", – deyə cavab verib.