Azərbaycanın 15 yaşlılarının riyaziyyat və oxu üzrə 2025-ci il göstəriciləri 2009-cu illə təxminən eynidir, təbiət elmləri üzrə isə 2009-cu illə müqayisədə yüksəlib.
Sentyabrın 8-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramı (PISA) üzrə nəticələri açıqlanıb. Bu testlər üç ildən bir keçirilir.
OECD-nin orta göstəricilərindən geri qalan Azərbaycan şagirdləri riyaziyyat üzrə 422, hesablama üsulu ilə problem həllində 388, təbiət elmlərində 409, oxu üzrə isə 374 bal toplayıblar.
Riyaziyyat, oxu və təbiət elmləri üzrə bacarıq səviyyəsi 2-ci səviyyədən aşağı olan (zəif nəticə göstərən) şagirdlərin payında əhəmiyyətli bir dəyişiklik qeydə alınmayıb.
Azərbaycanda ən azı bir fənn üzrə yüksək (5-ci və ya 6-cı) səviyyəyə çatan, eləcə də hər üç fənn üzrə minimum (2-ci və ya daha yüksək) bacarıq səviyyəsini nümayiş etdirən şagirdlərin payı OECD ölkələrinin orta göstəricisindən aşağı olub.
Qiymətləndirmədə Azərbaycanın 241 məktəbindən 7 min 432 şagird iştirak edib. Onlar ölkədə üzrə təxminən 118 min 300 nəfər 15 yaşlı məktəblini, yəni ümumi həmyaşıdlarının təqribən 79 faizini təmsil edir.
"PISA 2025"də təbiət elmləri, riyaziyyat və oxu üzrə ən yüksək nəticələri Çin və Sinqapur göstərib. Çin təbiət elmlərindən 597, riyaziyyatdan isə 612 balla zirvədə qərarlaşıb; oxu üzrə ən yüksək nəticəyə isə 535 balla Sinqapur nail olub.
PISA 15 yaşlı şagirdlərin bilik, bacarıq və yanaşmalarını qiymətləndirir. Testlər şagirdlərin mürəkkəb problemləri həll etmək, tənqidi düşünmək və fikirlərini effektli ifadə etmək bacarıqlarını araşdırır.
Azərbaycan PISA-da ilk dəfə 2006-cı ildə iştirak edib. 2018 və 2022-ci illərdə isə proqrama yalnız Bakı şəhəri qatılmışdı.
Nazir: "Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür"
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 8-də PISA 2025 tədqiqatının nəticələrinin təqdimatını keçirib. APA-nın məlumatına görə, o, azərbaycanlı şagirdlərin riyazi məsələlərin şərtini və şərhini anlamaqda çətinlik çəkdiklərini vurğulayıb.
Nazir bildirib ki, Azərbaycan PISA-nın riyaziyyat reytinqində 91 ölkə arasında 49-cu yerdə qərarlaşıb.
"Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür. Bu proses məktəbdə formalaşır və çox ciddi problemdir", – deyən nazir ölkədə oxu bacarıqlarının inkişafına lazımi diqqətin ayrılmadığını vurğulayıb.
Oxu bacarıqları üzrə Azərbaycan 71-ci yeri tutub.
Nazir Azərbaycanın təbiət elmlərinin tədrisi baxımından da inkişaf etmiş dövlətlərdən geridə qaldığını bildirib: "Bizim təbiət elmləri ilə bağlı yanaşmamızı əsaslı şəkildə dəyişməyə ehtiyac var. Bu sahədə həm təbiət elmlərinin məzmununa, həm də tədrisə yanaşmaya yenidən baxılmalıdır".
Xatırlatma
Bundan əvvəlki - 2022-ci il qiymətləndirməsində 2018-ci illə müqayisədə geriləmə qeydə alınmışdı. Azərbaycanlı məktəblilərin oxuduğunu anlamaq üzrə topladığı orta bal 389-dan 365-ə, riyaziyyat üzrə 420-dən 397-yə, təbiət elmləri üzrə isə 398-dən 380-ə enmişdi. Toplam sıralamada Azərbaycan riyaziyyat üzrə 81 ölkə arasında 56-cı, təbiət elmləri üzrə 68-ci, oxuma bacarıqları üzrə isə 69-cu nəticəni göstərmişdi.