Putinlə Pezeşkian Çində görüşüblər

M.Pezeşkian bə V.Putin

Rusiya və İran prezidentləri Vladimir Putin Məsud Pezeşkian Çinin Tiencin şəhərində görüşüblər.

Görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçirilib. İki lider İran ilə Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin gerçəkləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Məlumatı İranın IRNA agentliyi yayıb.

Pezeşkian Rusiya-İran sazişini əməkdaşlığın genişləndirilməsi və ikitərəfli münasibətlərin gücləndirilməsi üçün əsas kimi xarakterizə edib. O qeyd edib ki, Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində əməkdaşlıq bu prosesi sürətləndirəcək, onun inkişafına töhfə verəcək.

İran prezidenti elmi və akademik mübadilələrinin dəyərini vurğulayıb.

V.Putin isə qarşılıqlı ticarətdə ciddi artımı, Rusiyada təhsil alan iranlı tələbələrin çoxaldığını, mədəni və turizm əməkdaşlığının genişləndiyini vurğulayıb. O, həmçinin regional və beynəlxalq məsələlər, İranın dinc nüvə proqramı üzrə dialoqun davam etdiyini diqqətə çatdırıb.

Azərbaycanın şimal və cənub qonşusu ilə əlaqələrində zaman-zaman problemlər yaşanıb. Hakimiyyət təmsilçiləri bəzən ölkədə təməl hüquq və azadlıqların pozulmasına görə Qərbdən gələn tənqidlərə cavablarında Bakının Rusiya və İran arasındakı coğrafi mövqeyini göstəriblər, onun regionda "sendviç kimi" əzildiyini deyiblər. Son aylar Tehranla əlaqələrdə yumşalma, Rusiya ilə gərginlik müşahidə olunur. Azərbaycan prezidenti İlham Əliyev son müsahibəsində Pezeşkianın onunla eyni qanı daşıdığını deyib. Rusiyanın ünvanına isə sərt ifadələr işlədib, 1920-ci ildə Rusiya qüvvələrinin ölkəni işğal etdiyini bildirib.

25 avqust

Putinlə Pezeşkian Cənubi Qafqazdan danışıblar

Rusiya prezidenti Vladimir Putin ilə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Kreml bildirir ki, V.Putin M.Pezeşkianı Ankoricdə keçirilmiş Rusiya-ABŞ sammitinin nəticələri haqda bilgiləndirib. İran prezidenti Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş diplomatik səylərə dəstəyini bildirib.

İki lider ikitərəfli gündəlikdəki aktual məsələləri, enerji və nəqliyyat sahələri ilə bağlı olanları müzakirə ediblər.

Həmçinin İranın nüvə proqramı ilə bağlı durum, Cənubi Qafqaz regionundakı proseslər götür-qoy edilib.

Putin və Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində görüşməklə bağlı razılığa gəliblər.

Pezeşkian: Milli birlik düşmənlərə qarşı qalxandır

İran prezidenti Məsud Pezeşkian milli həmrəyliyin xarici təhlükələrə, özəlliklə də İsrail rejiminə qarşı mübarizədə həlledici rolunu vurğulayıb. O deyib ki, iranlılar bir olduqları müddətdə düşmənlər bu ölkəyə hücuma cəsarət etməyəcəklər.

Prezident bunları avqustun 25-də Tehranın cənubunda yerləşən İmam Xomeyninin türbəsində bir mərasimdə çıxışı zamanı səsləndirib. O deyib ki, birlik və həmrəylik millətin uğuru üçün vacibdir, bu birliyi pozmağa yönəlmiş hərəkətlər qəbuledilməzdir.

Pezeşkian ABŞ və İsrailin əsas məqsədinin regiondakı müsəlmanlar arasında nifaq salmaq olduğunu iddia edib. Onun sözlərinə görə, qonşu dövlətlər qardaş kimi qəbul edilməlidir, sərhədlər onları ayırsa da, ortaq tarix və irsləri toxunulmazdır.

Pezeşkian müsəlmanların düşmənlərə qarşı birləşməsinin vacibliyini vurğulayıb: "Əgər birlik olsa, onlar nə müsəlmanlara qarşı çıxmağa, nə də pis niyyət bəsləməyə cəsarət edəcəklər".

İran prezidenti daxili həmrəyliyə və qonşularla münasibətlərə zərər verə biləcək bölücü çıxışlar və bəyanatlara qarşı xəbərdarlıq edib, bu cür davranışları "milli mənafelərə xəyanət" adlandırıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

İrandan 'Tramp yolu'na qarışıq reaksiya

İndiyədək İrandan gələn açıqlamalar

Avqustun 19-da Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşündən sonra demişdi ki, bölgədəki problemlərin digər qüvvələrə ötürülməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Onların ABŞ prezidentinin iştirakı ilə imzaladığı bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

İran sülh sazişinin yekunlaşdırılmasını alqışlasa da, öz sərhədlərinə yaxın ərazilərdə istənilən xarici müdaxilənin doğura biləcəyi mənfi nəticələrdən narahatlığını bildirib. İranın Ali lideri Əli Xameneinin baş müşaviri isə "region daxilində və xaricindəki ölkələri" Azərbaycan üçün Ermənistanın İranla həmsərhəd bölgəsindən keçəcək quru dəhlizi əldə etməyə çalışmağı dayandırmağa çağırıb.

İyunun sonunda isə İranın Ermənistandakı səfiri demişdi ki, Tehran kəşfiyyat məlumatları əsasında Bakıya müraciət edib, İsrailin İrana zərbələr üçün Azərbaycan ərazisindən istifadə etməsinə dair məlumatların araşdırılmasını istəyib. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bu açıqlamanı "açıq təxribat" adlandırıb. İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə bugünlərdə bildirib ki, Azərbaycanın 12 günlük müharibə vaxtı İsrailə yardım etməsinə dəlil yoxdur.