Pensiyaçıların sayı müstəqillikdə ən aşağıya düşüb

Sizin brauzer HTML5-i dəstəkləmir

Dövlət kimlərin pensiyasını geri alacaq? (Arxiv)

Azərbaycanda pensiyaçıların sayı artıq müstəqillik dövrünün ən aşağı həddinə düşüb.

2023-cü il aprelin 1-də Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101.9 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10.9 faizini təşkil edir. Onların 63.5 faizi yaşa, 23.7 faizi əlilliyə, 12.8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verib. Təkcə bu ilin birinci rübündə 12.3 min nəfər pensiyaçı azalıb.

Bu ilin birinci rübündə Azərbaycanda əmək pensiyalarının orta məbləği ayda 432.3 manat (253.3 ABŞ dolları) təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 16.2 faiz çoxdur.

1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan müstəqillik əldə edib. "Turan" Agentliyinin xəbərinə görə, həmin il 1 milyon 127 min pensiyaçının olduğu açıqlanıb. Ondan əvvəlki illərdə isə pensiyaçı sayı 1 milyondan az olub. 2006-cı ildə onların sayı maksimuma çatıb - 1 milyon 398.8 min nəfər. 2020-ci ilin sonuna 1 milyon 270.5 min nəfər əmək pensiyası alıb.

2017-ci ildən başlayaraq Azərbaycanda pensiya yaşı hər il altı ay artırılır. Onda kişilərdə bu, 63, qadınlarda isə 60 müəyyən edilmişdi. Bu hədd mərhələlərlə 65 yaşa çatdırılır.

Son onilliklərdə Azərbaycanda pensiya yaşı bir neçə dəfə artırılıb.