"Pensiya artsın, əlbəttə, artmasını istəyirəm. Amma mənim üçün faiz, ya qərar önəmli deyil, heç başa da düşmürəm. Mənə ayın sonunda əlimdə nə qədər pul qalacağı vacibdir". Bu, Biləsuvarda yaşayan F.Abbasovanın gələn ildən gözlənən yeni pensiya mexanizmi ilə bağlı dedikləridir. Onun giley-güzarı bütün pensiyaçıların dolanışıq qayğısı ilə səsləşir: Yeni qaydalar onların dolanışığını yüngülləşdirəcəkmi?
Nə dəyişir
2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişdirilir. Pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi qaydasına dəyişiklik Milli Məclisin payız sessiyasının ilk iclasında - 30 sentyabrda birinci oxunuşda qəbul edilib.
İndeksasiya vətəndaşları inflyasiyanın təsirlərindən qorumağı, əhalinin pul gəlirlərini artırmağı hədəfləyən iqtisadi mexanizmdir.
Mövcud qaydalara əsasən, hazırda pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yəni, pensiyanın məbləğindən asılı olmayaraq, ölkədəki orta maaş artımına uyğun olaraq hamıya eyni faiz artım verilir. Növbəti ildən əsas göstərici yenə ötənilki orta maaşın artım faizi olacaq, amma bu dəfə artım hər kəsə eyni cür tətbiq edilməyəcək.
Bu il avqustun 1-dək ölkədə orta maaş 1176.7 manat olub.
Yeni qaydaya əsasən, pensiyası orta maaş həddinədək olanlar üçün heç nə dəyişmir – onların pensiyası əvvəlki kimi, tam indeksləşmə faizi ilə artacaq. Yəni, rəsmi indeksləşmə 10 faiz müəyyənləşdirilsə, min manat pensiya alan şəxsin pensiyası tam 10 faiz artaraq 1 min 100 manat olacaq.
Ölkədəki pensiyaçıların 90 faizindən çoxu elə bu qrupa daxildir.
Yeni mexanizm yalnız daha yüksək pensiya alan 10 faizlik hissəyə toxunacaq. Amma onların da pensiyasının 1176.7 manata qədər olan hissəsi tam artacaq. Yalnız bu məbləği aşan hissəsinə daha aşağı əmsal (0.2-0.5) tətbiq olunacaq. Məsələn, 2 min manat pensiya alan şəxsin pensiyasının ilk 1170 manatlıq hissəsi tam 10 faiz, qalan 830 manatlıq hissəsi isə 0.5 əmsalı ilə (5 faiz) artacaq.
"Orta aylıq əməkhaqqından çox, 5 min manatdan az pensiyaçı vətəndaşlarımızın pensiya məbləğləri 0.5-ə, 5 min manatdan çox məbləğ alanların pensiya indeksləşməsi isə 0.2-yə vurulacaq. Yəni söhbət indeksləşmə faizinə tətbiq edilən əmsallardan gedir. Heç bir halda, təbii ki, pensiya məbləğinin dəyişdirilməsi nəzərdə tutulmayıb və bu, təbii ki, bu qanunun subyekti deyil", – bunu layihənin müzakirəsində iştirak edən deputat Vüqar Bayramov yerli mediaya deyib.
Deputatın sözlərinə görə, dəyişiklik pensiyalar arasındakı fərqin azalmasına və median pensiya məbləğinin artmasına xidmət edəcək.
Sizin brauzer HTML5-i dəstəkləmir
Pensiyaları kəsməyə başlayıblar? – 'Dedilər, dövlətə 4 min manat borcun var'
Ölkədə ən çox dəyişən şey təqaüdlərin hesablama qaydalarıdır
İqtisadçı Natiq Cəfərli isə Facebook səhifəsində yazıb ki, ölkədə ən çox və ən tez-tez dəyişən bir Vergi Məcəlləsidir, bir də təqaüdlərin hesablama və artım qaydaları. Pensiyaların məbləğə görə necə indeksləşəcəyini göstərən iqtisadçının fikrincə, belə müzakirələrin tək müsbət tərəfi odur ki, acınacaqlı mənzərəni üzə çıxarır: "Məmləkət üzrə faktiki median pensiya həddinin (bütün təqaüdçülərin tam yarısının aldığı məbləğin) 420-460 manat aralığında olduğunu dolayı rəqəmlərlə təxmin etmək olar. Bir sözlə, bizdə süni şəkildə daim təqaüd yaşı məsələsi önə çəkilir, bu, ikinci dərəcəli məsələdir, əsas dərd, əsas problem təqaüdlərin çox aşağı olmasıdır, ilk növbədə bu məsələ həllini tapmalıdır".
N.Cəfərlinin sözlərinə görə, ölkədə ailə içində yardımlaşma mədəniyyəti olmasa, təqaüdçülər aldıqları pulla heç iki həftə dolana bilməzlər.
"Bu pulla ayın sonunu necə gətirim?"
Ölkə əhalisinin 10.7 faizini (1.1 milyon nəfər) pensiyaçılar təşkil edir. İyulun göstəricilərinə görə, orta aylıq pensiya ötən illə müqayisədə 10.5 faiz artaraq 594.4 manata yüksəlib. Bu da ölkədəki orta aylıq əməkhaqqının yarısından bir az çoxdur.
Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat, yaşa görə minimum əmək pensiyası isə 320 manat təşkil edir. Orta pensiyanın 594 manat olması bütün pensiyaçıların 594 manat aldığı anlamına gəlmir.
AzadlıqRadiosuna danışan F.Abbasova deyir ki, 500 manat təqaüd alsa da, ayın sonunda Bakıda yaşayan oğlundan borc alır: "Özümlə bərabər evdə dörd canıq, boşanan qızım və iki balaca nəvəmlə yaşayıram. Bu il uşaqlar da məktəbə başladı, xərclər başdan aşıb-daşır. Qızımın kollec diplomu olsa da, rayonda iş tapa bilmir. Kommunal xərclər, dərmanlar, məktəb ləvazimatı, bir tərəfdən də günbəgün bahalaşan ərzaq... Bu pulla ayın sonunu necə gətirim?!".
Prezident İlham Əliyev oktyabrın 2-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında çıxışında deyib ki, gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq. Rəsmi məlumatlara əsasən, 2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsait ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu o deməkdir ki, 18.5 milyard manatdan çox vəsait sosial sahəyə yönəldiləcək.
Amma Biləsuvarda yaşayan F.Abbasovanın nə artım anonsuna, nə də təqaüdlə bağlı yeni mexanizmə ümidi var.
Sizin brauzer HTML5-i dəstəkləmir
'Bizi bundan da pis günə qoymaq fikrindədirlər' - Pensiya yaşını gözləyən qadın
Pensiyaçıların rifahına təsiri gözlənilmir
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli deyir ki, maaş artımı dinamikası ilin sonunadək eyni tempdə davam edərsə, 2027-ci ildə pensiyaların təxminən 7 faiz civarında indeksasiya olunacağı gözlənilir: "Aylıq 600 manat pensiya alan vətəndaşın ödənişi təxminən 42 manat çoxalaraq 642 manat ola bilər. Növbəti il istehlak qiymətlərindəki bahalaşma 7 faizdən az olarsa, təqaüdçülərin real alıcılıq imkanları bir qədər yaxşılaşacaq. Amma ərzaq, dərman, kommunal və digər vacib ehtiyaclardakı qiymət artımı 7 faizə yaxınlaşarsa və ya bu həddi keçərsə, gəlirlərdə real hiss olunacaq irəliləyiş baş verməyə bilər. Çünki pensiya alanlar gəlirlərini məhz zəruri ehtiyaclara xərcləyir".
Azərbaycanda bu il illik inflyasiyanın 6.1 faiz, 2027-ci ildə isə 5.8 faiz olacağı gözlənilir. Müstəqil iqtisadçılar isə ölkədə real inflyasiyanın ikirəqəmli səviyyəyə çatdığını bildirirlər.
Başqa ölkələrdə necədir
Azərbaycanın 2027-ci ildən tətbiq etməyi planlaşdırdığı diferensial indeksasiya beynəlxalq təcrübəyə yad deyil. Bir sıra ölkələrdə yüksək pensiyaların artımı aşağı pensiyaların artımından daha zəifdir. Ümumiyyətlə, pensiyaların indeksləşdirilməsi üçün dünyada vahid model yoxdur.
Moldovada aşağı gəlirli pensiyaçını qorumaq üçün 2026-cı il aprelin 1-dən pensiyalar 6.84 faiz indeksasiya olunub. Bununla yanaşı, hesablanmış pensiyalara sabit artım əlavə edilib. Moldova modelinin Azərbaycandan fərqi məhz burada ortaya çıxır. Azərbaycanda müzakirə olunan əsas alət yüksək pensiyanın yuxarı hissəsinə daha aşağı əmsal tətbiq etməkdir. Moldovada isə bütün pensiyalara faizlə artımla yanaşı, sabit məbləğ də verilir. Bu, aşağı pensiya alan şəxsin nominal gəlirinə əlavə dəstək deməkdir.
Gürcüstanda isə fərqləndirmə pensiyanın məbləğinə görə deyil, yaşa görə aparılır. 70 yaşadək şəxslərin pensiyası son 12 ayın orta inflyasiyasına əsasən, lakin müəyyən minimum həddən aşağı olmamaq şərti ilə artırılır. 70 yaşdan yuxarı şəxslər üçün isə inflyasiya ilə yanaşı, real iqtisadi artım da nəzərə alınır.
Ermənistanda da son dəyişikliklər aşağı pensiyaların daha sürətli artırılmasınını nəzərdə tutur. Minimum pensiyanın və əsas pensiya məbləğinin yüksəldilməsi ilə yanaşı, aşağı gəlirli pensiyaçılara sabit məbləğdə əlavə artım tətbiq olunub. Burada məsələ yalnız yüksək pensiyanın artımını azaltmaq deyil, aşağı pensiyanı ayrıca böyütməkdir.
Xarici təcrübə də göstərir ki, pensiyalar arasındakı fərqi azaltmağın müxtəlif yolları var. Azərbaycan bu məqsədlə yüksək pensiyaların artımına daha aşağı əmsal tətbiq etməyi seçir. Lakin islahatın effektivliyi pensiyalar arasındakı fərqin kiçilməsindən daha çox ən aşağı təqaüd alanların real alıcılıq qabiliyyətinin necə dəyişməsi ilə ölçülür. F.Abbasovanın narazılığı da bununla bağlıdır. Pensiyaçı üçün əsas məsələ əlinə gələn pulla ayın sonunadək necə dolanmaqdır.