Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. O, sentyabrın 25-də Moskvada "Beynəlxalq Atom Enerjisi Həftəsi" konfransında iştirak edəcək.
Kreml bir gün öncə bildirib ki, tədbirə Rusiya prezidenti Vladimir Putin, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi, Belarus prezidenti Aleksandr Lukaşenko, Myanmanın müvəqqəti prezidenti Min Aun Hlayn, Ermənistanın baş naziri Nikol Paşinyan və Efiopiya baş naziri Abiy Əhməd qatılacaq.
Sonuncu dəfə Ermənistanın baş naziri ilə Rusiya prezidenti avqustun 31-də Çində, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşüb.
Son vaxtlar Rusiyanın Cənubi Qafqazda nüfuzunun zəiflədiyi, Azərbaycanla Ermənistanın Moskvanın təsirindən çıxmağa çalışdığı fikirləri səslənir. İki ölkənin avqustun 8-də Vaşinqtonda görüşü, orada sülh sazişinin paraflanması bu fikirləri gücləndirib. Rəsmi Bakının da Moskva ilə münasibətlərində soyuqluq yaşanır. Amma bəzi təhlilçilər Rusiyanın Cənubi Qafqazı asanlıqla əldən verməyəcəyini deyirlər.