Paşinyan son Qarabağ savaşını araşdırmaq üçün istintaq komitəsi yaradır

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın parlamentdəki siyasi qüvvələrlə görüşü-25 iyul,2021

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının görüşündə 44 günlük son Qarabağ savaşını araşdırmaq üçün istintaq komissiyası yaradılması barədə qərar qəbul edilib.

AzadlıqRadiosu Erməistan xidmətinin məlumatına görə, iyulun 26-da baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərliyi ilə partiyanın ofisində keçirilən görüşdə partiyadan yeni seçilmiş deputatlar iştirak edib.

Qərar barədə görüşdən sonra jurnalistlərə, Parlamentin sədrliyinə namizəd Alen Simonyan məlumat verib.

Onun sözlərinə görə, bu komissiyaya parlamentdə təmsil olunmayan siyasi qüvvələrin nümayəndələri də daxil ediləcək.

Mənbənin məlumatına görə, yeni parlamentin ilk iclası avqustun 2-də olmalıdır.İclas zamanı öncə parlamentin rəhbərliyi seçiləcək.

Simonyanın sözlərinə görə, Paşinyanla görüşdə Ermənistanla Azərbaycan sərhədlərindəki vəziyyət müzakirə olunmayıb.