Paşinyan da Nyu-Yorka gedib

Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-dən 25-dək ABŞ-yə işgüzar səfərə yola düşüb. O, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək.

Hökumətin yaydığı məlumata görə, Paşinyan BMT-nin baş katibi Antonio Quterreş və digər xarici həmkarları ilə görüşlər keçirəcək. Digər görüşlərin konkret olaraq kimlərlə planlaşdırıldığı isə hələlik açıqlanmayıb.

Xarici işlər naziri Ararat Mirzoyan bir müddət əvvəl AzadlıqRadiosunun erməni xidmətinə BMT Baş Assambleyasının iclası çərçivəsində azərbaycanlı həmkarı, xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyini, ancaq hələlik yekun razılaşma əldə olunmadığını bildirib. Mirzoyanın sözlərinə görə, bu görüş tərəflərin iş cədvəllərindən asılıdır.

Mirzoyan və Bayramov sonuncu dəfə sentyabrın əvvəlində Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonu işğal edilmişdi. 2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində öz suverenliyini tam bərpa edib.

Ötən il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələrinə dair birgə bəyannamə də imzaladılar. Bu bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə təmin olunacaq. TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) adlanan bu tranzit xətti Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını tam qoruyub saxlayacaq.

Paraflanan mətndə tərəflər qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri götürüləcəyini xüsusi vurğulayırlar.