Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan sosial şəbəkələrdə paylaşım edərək vətəndaş nikahlarının bitdiyini elan ediblər.
Akopyan Paşinyanla evliliyinin bitdiyini və hökumət malikanəsindən köçdüyünü bildirib.
Akopyan və Paşinyanın dörd övladı var.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, bir neçə gün öncə Akopyan sosial mediada vətəndaş nikahlarının başa çatdığını yazanda çoxları bunu uzun illər birlikdə yaşadıqdan sonra qanuni nikaha işarə kimi anlamışdı.
İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyan yenidən baş nazir seçilmək istəyir. Paşinyan və Akopyanın qərarı məhz belə bir ərəfədə açıqlanır.
Akopyan yazıb ki, "Mənim addımım" xeyriyyə fonduna rəhbərliyi davam etdirəcək. O, bu fəaliyyəti ilə əlaqədar cinayət məsuliyyətinə cəlb oluna biləcəyini də istisna etməyib.
Ermənistanda seçkilərdən öncə xeyriyyə fəaliyyətinə qadağa qoyulub.