Paşinyan 'tarixi Ermənistan' və 'real Ermənistan' arasında demarkasiyadan danışıb

Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanın ölkənin şimal sərhədində Azərbaycana aid dörd kənddən çəkilməyə hazır olduğuna bir daha işarə edib.

Azərbaycan 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunmuş bu kəndlərin dərhal qaytarılmasını tələb edib.

Paşinyan deyib:

“Ermənistan Azərbaycanla sərhəd delimitasiya və demarkasiyasının Ermənistan Respublikasının Tavuş mərzi ilə Azərbaycan Respublikasının Qazax rayonu arasında dörd kəndin olduğu yerdən başlanmasının əleyhinə deyil”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Paşinyan bunu onun hökumətinin 2021-2026-cı illər üçün proqramının aprelin 10-da parlamentdə keçirilən debatları zamanı deyib.

Buna da bax: Azərbaycan hərbi qulluqçusu yaralanıb. Ermənistan birgə araşdırma təklif edir

Dörd kənd

Azatutyun yazır ki, sərhədin delimitasiya və demarkasiyasının Tavuş rayonundan başlanacağına dair söhbətlər mart ayından gedir. O vaxt baş nazir sözü gedən dörd kəndin Azərbaycana qaytarılması perspektivi ilə bağlı yerli sakinlərin narahatlığı ilə əlaqədar Tavuş rayonuna səfər etmişdi.

Bu da qeyd olunur ki, Paşinyan səfər zamanı bu kəndləri – Qazax rayonunun Aşağı Əskipara, Xeyrimli, Bağanis Ayrım və Qızılhacılı kəndlərini Bakının tələbinə uyğun olaraq Azərbaycana qaytarmağa hazır olduğunu bildirmişdi.

Baş nazir bunun müqabilində 1990-cı və 2021-2022-ci illərdə Azərbaycan qüvvələri tərəfindən tutulmuş Ermənistan torpaqlarının Ermənistana qaytarılmasını ön şərt kimi irəli sürməmişdi.

Məhz buna görə Paşinyanın bəyanatları müxalifət tərəfində hiddət, Tavuş rayonu sakinlərində isə narahatlıq yaratmışdı.

Buna da bax: Mirzoyan MDB iclasına getməyəcək, Paşinyan da Avrasiya İqtisadi İttifaqının tədbirinə getməyə bilər

“Mənfi qarantiyalar”

Ermənistanın Azərbaycana qaytarmalı olduğu kəndlərin qonşuluğundakı erməni kəndlərinin sakinləri narahatdırlar ki, onlar gələcəkdə sərhədə bitişik olacaq əkin sahələrindən istifadə edə bilməyəcəklər.

Aprelin 10-da parlamentdə çıxış edən Paşinyan deyib ki, sözü gedən 4 kəndin Azərbaycana qaytarılması Ermənistana gələcəkdə heç bir təhlükəsizlik qarantiyası vermir.

Onun sözlərinə görə bu heç Azərbaycanın yenidən Ermənistana qarşı təcavüz etməyəcəyinə və ya hazırda onun işğalı altında olan 30-dək Ermənistan kəndinə aid təsərrüfat torpaqlarından çıxacağına da qarantiya vermir.

Amma Paşinyanın fikrincə bu qarantiyaların müzakirəsindən boyun qaçırmaq da Ermənistana heç bir qarantiya vermir.

Məhz buna görə də baş nazirin fikrincə ilk növbədə “bu mənfi qarantiyaların aradan qaldırılması mühümdür”.

Buna da bax: 'Fransanın hamının istədiyi hərbi texnikası var, Paris Ermənistana verir' - səfir

“Tarixi Ermənistan real Ermənistanın ərazi bütövlüyünü tanımır”

Baş nazir bu çıxışında da onun sözləri ilə deyilərsə, “real Ermənistanı” “tarixi Ermənistanla” müqayisə edib.

Onun sözlərinə görə beynəlxalq sərhədləri arasında tanınan “real Ermənistan” “tarixi Ermənistana” uyğun gəlmir və hətta onunla ziddiyyət təşkil edir:

“Real və tarixi Ermənistanlar arasında demarkasiya prosesi (Azərbaycanla sərhədin demarkasiyasından) daha ağrılıdır, çünki bu proses hər birimizin içindən keçir və gözlənilməz layları və nüansları üzə çıxarır”.

Paşinyan bu sözlərini konkret bəyanatla ifadə edib:

“Tarixi Ermənistan real Ermənistanın ərazi bütövlüyünü tanımır”.

Buna da bax: Putin Rusiyanın KTMT-dəki nümayəndəsi Ağasandyanı vəzifəsindən azad edib

"Başqa ölkələrin də iştahası var"

Baş nazirin sözlərinə görə “tarixi Ermənistan” deyərkən başqa ölkələrin də mümkün iddialarını nəzərə almaq lazımdır:

“Axı əslində real Ermənistanın ərazi bütövlüyü həmin ölkələrin iştahası üçün məhudlaşdırıcı faktordur”.

Paşinyan “başqa ölkələrin” adlarını çəkməyib.

Ermənistan baş nazirinin sözlərinə görə onu 2020-ci ildə baş vermiş Qarabağ müharibəsi və 2022-ci ildə yer almış toqquşmalar bu qənaətə gətirib ki, Ermənistanın beynəlxalq aləmdə tanınmış ərazisinin qəbul edilməsi ölkə təhlükəsizliyinin əlavə və həlledici faktoru ola bilər:

“Və həmin andan siyasi-psixoloji proses başlanıb. Siz bunu real və tarixi Ermənistanlar arasında demarkasiya da adlandıra bilərsiniz”.

Buna da bax: Andranik Koçaryan sərhəddə atışma məsələsini şişirtməməyə çağırıb

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.