Paşinyan: ‘Dağlıq Qarabağ ərazi məsələsi deyil’

Nikol Paşinyan

Paşinyan deyib ki, ondan əvvəl Robert Koçaryan və Serj Sarkisyan ərazi bütövlüyü prinsipini qəbul ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan martın 24-də keçiridiyi hökumət müşavirəsində deyib ki, Dağlıq Qarabağ “humanitar fəlakətin astanasındadır”.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, baş nazir bu bəyanatı Qarabağa qazın verilməsində yaranmış fasilələrlə bağlı verib.

Paşinyan deyib ki, Qarabağa gedən qaz kəməri təmir olunduqdan sonra Azərbaycan tərəfi boruya krant yerləşdirib:

“Bu mübahisəiz olaraq Azərbaycanın Artsax (Qarabağ-red) ermənilərinə münasibətdə siyasətini nümayiş etdirir. Bu siyasət onların öz vətənlərində yaşamalarını qeyri-mümkün edir”.

Baş nazir bildirib ki, bu məsələ beynəlxalq birliyin qarşısında qaldırılacaq.

Buna da bax:

Putin və Paşinyan Qarabağdakı vəziyyəti müzakirə ediblər

Ermənistanın sülh gündəliyi

Paşinyan deyib ki, Azərbaycan Ermənistanı sülh gündəliyindən yayındıra bilməyəcək, çünki Ermənistanın sülh erasının açılışı siyasətinin alternativi yoxdur:

“Azərbaycan özünün bu hərəkətləri və müxtəlif təxribatları ilə bizi sülh gündəliyindən yayındırmağa çalışır ki, özünün regionda yeni eskalasiya və yeni müharibələr siyasətini həyata keçirsin. Amma biz belə təxribatlara uymayacağıq”.

Baş nazir daha sonra Azərbaycan tərəfinin sülh müqaviləsi danışıqları üçün irəli sürdüyü 5 təklifdən söz açıb və deyib ki, bu təkliflərin arasında Ermənistanı qane etməyəni yoxdur:

“Bu başqa məsələdir ki, bu təkliflər Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh gündəliyinin bütün məsələlərini əhatə etmir. ATƏT-in Minsk qrupu həmsədrlərinə göndərdiyimiz cavablarla biz bu gündəliy tamamlamışıq və bu əsada sülh danışıqlarına hazırıq”.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Erməni cərrah qızımı xilas elədi' - Sərhəd kəndindən reportaj

Ərazi bütövlüyü prinsipi həmişə olub

Ermənistanın baş naziri hökumət müşavirəsində habelə müxalifətin hakimiyyətin ərazi bütövlüyü prinsipini danışıqların əsası kimi qəbul etməsini pisləməsi məsələsinə toxunub və bundan təəccübləndiyini bildirib:

“Robert Koçaryan 1999-cu ilin 19 noyabrında ATƏT-in İstanbulda keçirilən sammitindən, orada ərazi bütövlüyü prinsipini təsdiqləyən Avropa Təhlükəsizliyi Xartiyasına səs verəndən sonra Yerevana qayıdanda Zvartnots hava limanında jurnalistin sualına belə cavab vermişdi: “Əgər ərazi bütövlüyündən danışsaq, demək olmaz ki, biz buna qarşıyıq. Bizim də ərazimiz var və bizim də ərazimizə bu prinsip şamil edilməlidir”. Ondan sonra Serj Sarkisyan uzun illər əsas prinsip kimi ərazi bütövlüyü prinsipini qəbul etməklə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar aparıb. Odur ki, burda hər hansı başqa söhbətlər yersizdir. Biz hesab edirik ki, Dağlıq Qarabağ məsələsi heç vaxt ərazi məsələsi olmayıb və indi də ərazi məsələsi deyil. Burada söhbət hüquqdan gedir və biz Artsax (Qarabağ-red) ermənilərinin hüquqlarını müdafiə etməkdə ardıcıl olacaq, başqa xalqların da hüquqlarını diqqətdən kənarda qoymayacağıq”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Köçkün qadın: 'Mən kəndimizə qayıda bilmərəm, hər tərəf ermənidi'

“Azərbaycandan cavab gözləyirik”

Nikol Paşinyan habelə bildirib ki, o Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası prosesinə tezliklə başlanmasının tərəfdarıdır, amma bunun üçün müəyyən təhlükəsizlik tədbirləri görülməlidir.

Ermənistan baş naziri bir daha qoşunların simmetrik şəkildə geri çəkilməsi təklifini təkrar edib:

“Biz qoşunların Ermənistan və Azərbaycan arasında sovet dövründə olan de jure sərhəddən simmetrik geri çəkilməsini təklif etmişik. Amma istərdim biləsiniz ki, biz qoşunların tam çəkilməsindən başqa həm də lokal çəkilmə barədə təklif vermişik. İndi Azərbaycanın bu təklifə cavabını gözləyirik. Məsələn, Yerasx sektorunda biz onlara bizim ərazimizdən bir neçə mövqe geri çəkilməyi təklif etmişik. Biz də öz növbəmzidə qoşunları onların ərazisindən bir neçə mövqe geri çəkə bilərdik. Beləliklə biz son ilyarımın ən qaynar nöqtələrindən birinin məsələsini qarşılıqlı həll etmiş olardıq. Azərbaycandan cavab gözləyirik”.

Buna da bax:

Ermənistan müxalifətinin ‘Qarabağ bəyanatı’ parlamentdən keçmədi

Xatırlama

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddir) və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.