Paşinyan Bişkekə gedir. Sabah Putinlə görüşü planlaşdırılır

Nikol Paşinyan (öndə solda) və Vladimir Putin

Avqustun 31-də Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstana iki günlük işgüzar səfərə gedib. Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. AzadlıqRadiosunun erməni xidməti hökumətə istinadla xəbər verir ki, baş nazir Bişkekdə xarici həmkarları ilə görüşlər keçirəcək.

Onun Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Prezidentin köməkçisi Yuri Uşakov ötən həftə bildirib ki, prezident Putin sentyabrın 1-də Bişkekdə baş nazir Paşinyanla görüşündə Ermənistanın Avropa İttifaqına qoşulmaq istəklərini müzakirə edəcək.

Putinin sözçüsü Dmitri Peskov isə avqustun 30-da jurnalistlərlə söhbətində Moskvanın referendum təklifini bir daha səsləndirib.

“Ermənilərin özlərindən daha çox erməni ola bilmərik. Əlbəttə ki, onların taleyini ermənilər özləri həll edəcəklər. Və biz onlara məhz bunu etməyi – referendum keçirməyi təklif edirik”.

Rusiya son aylar dəfələrlə bildirib ki, eyni vaxtda həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olmaq mümkün deyil. Moskva Yerevanı iki blok arasında seçim etməyə, referendum keçirməyə çağırır.

Paşinyan ötən həftə parlametdəki çıxışında Yerevanın tezliklə Aİ-yə üzvlük üçün müraciət prosesinə başlayacağını açıqlayıb.

Azərbaycan prezidenti İlham Əliyev də sammitə qatılacaq.