Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs sentyabrın 2-də məhkəmədə jurnalistlərlə söhbətində cinayəti törətdiyini etiraf edib. Amma o, Rusiya xüsusi xidmət orqanlarının onu şantaj etməsinə dair mediada yayılan informasiyanın həqiqətəuyğun olmadığını, siyasətçini öz təşəbbüsü ilə öldürdüyünü deyib.
Motivə gəlincə, o, Ukrayna hakimiyyətindən qisas almaq istədiyini, keçmiş prezidenti Petro Poroşenkonu da öldürə biləcəyini söyləyib.
Şübhəlinin sözlərinə görə, Rusiyadakı əsirlərlə mübadilə olunaraq Rusiyaya getmək, oğlunu axtarmaq istəyir.
Media daha öncə mənbələrə istinadla yazırdı ki, Rusiya xüsusi xidmət orqanları şübhəliyə oğlunun meyitinin yerini göstərəcəyi ilə bağlı vədlər verərək onu əməkdaşlığa məcbur ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sentyabrın 1-də keçirilən brifinqdə deyiblər ki, Parubiyin qətli ilə bağlı istintaq heç bir versiyanı istisna etmir, lakin "Rusiya izi" əsas və prioritet versiya hesab olunur.
1 sentyabr 2025
Zelenski Parubiyin qətlində şübhəlinin saxlanıldığını deyir
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, millətçi deputat, parlamentin keçmiş sədri Andrey Parubiyin qətlində şübhəli sayılan şəxs saxlanılıb. Parubiy avqustun 30-da qərbi Lvov şəhərində küçədə güllələnərək öldürülüb.
Zelenskinin avqustun 31-i gecə yarısı belə bir açıqlama verib.
"Daxili işlər naziri İqor Klimenko və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasıl Malyuk az əvvəl Andrey Parubiyin qətli ilə bağlı şübhəli şəxsin saxlanılması haqda məlumat verdilər", – Zelenski X sosial şəbəkəsində yazıb.
Prezident gərəkən istintaq hərəkətlərinin aparıldığını açıqlayıb.
AzadlıqRadiosunun Ukrayna xidmətinin hadisə yerində olan müxbiri Parubiyin avqustun 30-u günorta saatlarında yaşadığı evin yaxınlığında, Yefremova küçəsində güllələnərək qətlə yetirildiyini xəbər verib. Hüquq-mühafizə orqanları sabiq deputatın aldığı güllə yaralarından dərhal yerindəcə keçindiyini təsdiqləyiblər.
Ukrayna Baş Prokurorluğu qətllə bağlı istintaq başladıldığını, 54 yaşlı tanınmış siyasətçinin "qəsdən öldürülməsi" maddəsi üzrə cinayət işi açıldığını elan edib.
Parubiyin bir neçə yaxın silahdaşı baş verənlərə görə Rusiyanı günahlandırıb.
Millət vəkili Mikola Knyajitski deyib ki, Parubiyin qətli onun mövqeyinə görə Rusiyanın qisasıdır. Deputat onun Ukraynanın suverenliyi, təhlükəsizliyi və birliyi uğrunda mövqeyinə görə hədəfə alındığını düşündüyünü bildirib.
Parubiy 2013-2014-cü illərdə Ukraynada "Ləyaqət İnqilabı" adlanan Maydan etirazlarında mühüm rol oynayıb. Ozamankı prezident Viktor Yanukoviçin Kiyevi Avropa İttifaqından uzaqlaşdırıb Rusiya ilə yaxınlaşmaq qərarı ölkə boyunca kütləvi mitinqlərə səbəb olub. Nəticədə o, hakimiyyətdən devrilərək Rusiyaya qaçıb.
Parubiy 2004-cü ildə "Narıncı inqilab"da da əsas fiqurlardan biri olub. Prezident seçkisində Kremlə yaxın namizəd Yanukoviçin qalib elan edilməsi etirazlar doğurub, nəticələr ləğv edilib..
"Bu qətli kimin icra etməsinin, kimin sifariş verməsinin fərqi yoxdur. Cavabdehliyi Putin daşımalıdır", – Parubiyin üzvü olduğu Avropa Həmrəyliyi Partiyasının sədri, keçmiş prezident Petro Poroşenko deyib.