Azərbaycanda siyasi partiyalar hardan maliyyələşir? Siyasi liderlərin nə qədər var-dövləti var?
Hakim Yeni Azərbaycan Partiyasından deputat Siyavuş Novruzov “Turan” agentliyinə müsahibəsində deyib ki, siyasi partiyaların maliyyələşdirilməsi şəffaf olmadığından, partiya üzvlərinin çox fərqli həyat tərzi var:
«Bu səbəbdən partiyanın bir üzvünün çox yaxşı təminatı var, digəri isə yaşayışını çox çətinliklə təmin edir».
Siyavuş Novruzov bildirib ki, “siyasi partiyalar haqqında” qanuna, maliyyə hesabatı təqdim etməyən qurumlarla bağlı da müddəa əlavə edilməlidir.
Buna da bax: Siyasi partiyalar haqda qanun sərtləşdirilə bilər
Müxalifətdə olan Müsavat partiyasının başqanı Arif Hacılı deyir ki, partiya hər il rəsmi qaydada hesabat verir. Onun sözlərinə görə, Müsavat partiyası, üzvlərin fədakarlığı hesabına fəaliyyət göstərir, xərclər isə üzvlük haqqı və ianələr hesabına ödənilir.
Arif Hacılı deyir ki, Yeni Azərbaycan Partiyasının çoxlu sayda qərargah binaları, işçiləri olduğu halda, Müsavat Partiyasının avtomobili yoxdur:
"Biz də bəzi dostlarımızın dəstəyi, üzvlərimizin dəstəyi ilə fəaliyyət göstəririk. Ali təhsilli, partiya rəhbərliyinə daxil olan üzvlərimiz var ki, öz avtomobilləri ilə taksi sürücüsü kimi fəaliyyət göstərirlər. Partiyamızın məclis üzvləri, divan üzvləri var ki, ustalıqla, fəhləliklə özlərini dolandırırlar. Mənim özümün avtomobilim 1998-ci ildən bəri işlədirəm, sürücüm yoxdur, mühafizəçim yoxdur".
Buna da bax: Milli Şura Bakıda mitinq keçirdi [foto, video. yenilənib]
Biz Bakı sakinlərindən soruşmuşuq ki, imkanınız olsaydı, hansı partiyaya yardım edərdiniz?
Müxalifətdə olan AXCP-nin maliyyə durumu nə yerdədir? Partiyanın Ali Məclisin sədri Nurəddin Məmmədli deyir ki, təmsil etdiyi təşkilat ianələr və üzvlük haqları əsasında fəaliyyət göstərir və bu barədə hesabat təqdim edir.
Bəs partiyanın sədri Əli Kərimlinin var-dövləti nə qədərdir, necə yaşayır? Nurəddin Məmmədli deyir ki, Əli Kərimli dörd dəfə Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan hökumətini udub, indi də hökumətin verdiyi cərimə ilə dolanır, başqa gəlir yeri yoxdur:
Buna da bax: Putin, Əliyev, Nazarbayev və başqaları ofşor hesabatında [yenilənib - tam mətn]
"Əli bəyin nə rayonda, nə şəhərdə, hazırda yaşadığı mənzilindən başqa malı, mülkü yoxdur. Bir qədər torpaq sahəsi var, ehtiyac üzündən dəfələrlə satmaq istəyib, amma sənədləri təqdim edəndə məlum olub ki, bu torpağın satılmasına rejim tərəfindən qadağa qoyulub. Əli bəyin heç bir obyekti, maddi vəsaiti, gəliri yoxdur".
Özünü partiya elan etməyi hədəfləyən ReAl vətəndaş hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı deyir ki, indiki halda qanun elədir ki, 200 manatdan yuxarı ianə edənlər gərək bunu qeydiyyatdan keçirsinlər, odur ki, sahibkarlar, yardım etmək istəyənlər siyasi basqıdan çəkinirlər, müxalifət partiyalarına yardım etmək istəmirlər.
Buna da bax: Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]
Hakim Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevin isə ailə üzvlərinin ofşorlarda mülklərinin olması barədə bir sıra jurnalist araşdırmaları olub, Prezident Administrasiyası bunların bəzilərini təkzib edib.
Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]
Hazırkı qanunla yalnız Milli Məclisdə təmsil olunan siyasi partiyalar dövlət büdcəsindən maliyyə alır. Hakimiyyətin əleyhinə mitinqlər keçirən partiyalar - Xalq Cəbhəsi və Müsavat Partiyalari Milli Məclisdə təmsil olunmurlar, olmadıqları üçün bu maliyyəni ala bilmirlər, onlar seçkinin demokratik olmadığını bildirib onu boykot etmişdilər.