Dünən, aprelin 17-də Bakının "Park Bulvar" ticarət mərkəzində Rusiyada yaşayan bloqer Hüseyn Həsənovun izləyiciləri ilə görüş zamanı yaşanan hadisələrə görə həbs olunan var. Bununla bağlı aprelin 18-də Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Məlumata görə, insanları içəri polis COVID-19-dan vaksinasiya sertifikatı və qoruyucu tibbi maskadan istifadə etdiklərini yoxladıqdan sonra buraxıb: "Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxartmışlar…. İri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur".
DİN vurğulayıb ki, tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur: "Həmin şəxs müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil, yalnız səhnəyə vurub. Buna baxmayaraq A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək".
Bu açıqlamaya, hələlik, saxlanan şəxsin yaxınlarından, mərkəzin rəhbərliyindən və bloqerdən münasibət almaq mümkün olmayıb.
Ticarət mərkəzində nə baş verib
Dünən-aprelin 17-də bloqer Hüseyn Həsənovla görüşdə izdiham yaşanıb. Sosial şəbəkələrdə yayılan videolarda həmin ticarət mərkəzinə gələn çoxlu sayda insanların qurulmuş səhnəni əhatəyə aldığı, səhnədə duran şəxslərdən birinin isə kəmərlə haranısa vurduğu görünür.
Bütün bunlardan sonra bəzi sosial şəbəkə istifadəçiləri, xüsusilə də müxalifətdə olan AXCP və Müsavat üzvləri həm DİN-i, həm də bütünlükdə hakimiyyəti tənqid edirlər. Onlar ölkədə pandemiyadan siyasi məqsədlərlə istifadə olunduğunu iddia edərək vurğulayırlar ki, müxalifətin tədbirlərində beş nəfərdən artıq şəxsin bir yerdə dayanmasının qarşısı alınır, üstəlik, piketlərə belə karantin səbəbi ilə icazə verilmir.
"Bizi beş-beş buraxdılar"
Cəbhəçilərdən Səid Bakuvi öz statusunda bu il Bakıda 32 il əvvəl SSRİ Silahli Qüvvələrinin törətdiyi qırğının ildönümü ilə bağlı keçirilən anım tədbirini xatırladıb: "Adam sayının azlığına baxmayaraq, guya sıxlıq yaranır adı ilə bizi beş-beş buraxdılar. Hələ, üstəlik, o şaxtada nə qədər saxladılar. Ziyarətçilərdən 10 dəfə çox polis var idi. Maska, məsafə-filan, nə bilim, pandemiya və s…".
Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda 2020-ci ilin martından karantindir. Qapalı yerlərdə maskadan istifadə tələb edilir.