Pakistanda zəlzələdə azı 20 nəfər ölüb

Harnay zəlzələdən sonra

Bəluçistan vilayətinin rəsmisi Nasir Nasar ölü sayının arta biləcəyini deyib

Oktyabrın 7-də Pakistanın cənub-qərbində zəlzələdə azı 20 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Bəluçistan vilayətinin rəsmisi Nasir Nasar ölü sayının arta biləcəyini deyib.

“Ölüm və dağıntının miqyasını müəyyənləşdirməyə çalışırıq”, – o vurğulayıb.

Ən böyük ziyan Bəluçistandakı Harnay dağlıq şəhərinə dəyib. Əraziyə xilasedicilər göndərilib. Ancaq normal yolların və mobil telefon əlaqəsinin olmaması xilasetmə işlərini çətinləşdirib.

Buna da bax:

Haitidə zəlzələdən ölənlərin sayı 300-ü keçib

Ölənlərin çoxu palçıq evlərin dağıntıları altında qalıb. Qurbanların əsasən qadınlar və uşaqlar olduğu, uçmuş evlərin altında hələ də insanların qaldığı bildirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin səhər 3-də, 5.7 bal gücündə, vilayət paytaxtı Kvettadan 100 km qərbdə, 20 km dərinlikdə baş verdiyini qeyd edir.

2015-ci ilin oktyabrında 7.5 bal gücündə zəlzələ Pakistanda və Əfqanıstanda 400-dək insanın həyatına son qoymuşdu.