BMT Pakistan üçün 160 milyon dollar yığılmasını istəyir

Pakistan

Son 24 saat ərzində azı 75 nəfər ölüb, xilasedicilər ucqar yerlərə getməyə cəhdlər edirlər

BMT Pakistanda 1100 nəfərdən çox insanın ölümünə, infrastruktur və məhsul yığımında dağıntılara səbəb olmuş daşqınlarla mübarizə üçün təcili 160 milyon dollar yığılmasını istəyir.

“Pakistan əziyyət içindədir”, – BMT-nin Baş katibi Antonio Quterreş avqustun 30-da videomüraciətində deyib.

Onun sözlərinə görə, ehtiyacın miqyası, milyonlarla insanın evindən çıxmağa məcbur olması, məktəb və tibb ocaqlarının, yaşayış məskənlərinin iqlim fəlakəti nəticəsində dağılması dünyanın kollektiv və prioritet diqqətini istəyir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukrayna ordusu Xersonda Rusiya ordusunun mövqelərini yardığını deyir

Rəsmi məlumata görə, 220 milyon əhalisi olan Pakistanda azı 498 min nəfər məcburi köçkünə çevrilib, çadırlarda yaşayır.

Bu gün yardım daşıyan Çin təyyarələrinin də Pakistana çatacağı gözlənir.

Pakistan rəsmi orqanlara xilasetmə və yardım işlərinə köməyə azı 6 min 500 əsgər yönəldib.

***

Pakistanda “monstr mussonlar” azı min nəfərin həyatına son qoyub, iqtisadi itkinin həcmi 10 milyard dolları keçəcək. Bunu İslamabad rəsmiləri açıqlayıb.

Milli Fəlakətlərin İdarəedilməsi Agentliyinin avqustun 29-da yaydığı məlumata görə, iyundan bəri daşqınlarda 1136 nəfər həlak olub. Ekspertlər təbii fəlakətin 33 milyon nəfərə təsir göstərdiyini, itki sayının artacağını deyirlər.

Son 24 saat ərzində azı 75 nəfər ölüb, xilasedicilər ucqar yerlərə getməyə cəhdlər edirlər.

Sind vilayətində daşqından sağ çıxanları xilas etməyə çalışan qayıq batıb, azı 13 nəfər həlak olub. Yerli rəsmi xilasedicilərin yeddi nəfəri xilas etdiyini, dörd nəfərin itkin düşdüyünü söyləyib.

Buna da bax:

İqlim dəyişikliyi: istilər, meşə yanğınları güclənir

Azı 10 milyard dollar

Planlaşdırma naziri Ahsan İqbal avqustun 29-da “Reuters”ə deyib ki, iqtisadi itkilər “nəhəng” olacaq.

“İndiyədək çox erkən dəyərləndirmə bu məbləğin 10 milyard dollardan çox olacağını göstərir”, – İqbal bildirib.

O, pambıq məhsulunun 45 faizinin məhv olduğunu, göyərti, meyvə tarlalarına və düyü zəmilərinə böyük ziyan dəydiyini vurğulayıb.

Nazir 1 milyona yaxın evin ziyan gördüyünü, ölkənin dəyən ziyanı aradan qaldırmasının beş il çəkəcəyini sözlərinə əlavə edib.

Artıq Pakistana beynəlxalq yardım göndərilir. Türkiyə və BƏƏ-dən yük təyyarələri avqustun 28-də ölkəyə çadırlar, ərzaq, digər zəruri materiallar çatdırıb.

Son 30 ildə belə yağış yağmayıb

Baş nazir Şahbaz Şərif avqustun 29-da deyib ki, son 30 ildə Pakistanda belə leysan yağışlar yağmayıb. O, hökumətin evini itirmiş hər kəsi evlə təmin edəcəyini söyləyib.

Hakimiyyət bu ilin dağıntılarının 2010-cu ildən pis olduğunu deyirlər. 12 il öncəki daşqınlarda 1700 nəfər həlak olub.

İqlim naziri Şerri Rehman qeyri-adi yağışları “monstr musson” adlandırıb. O, builki yağışları iqlim dəyişikliyinin nəticəsi adlandırıb. Bu il ğlkədə meşə yanğınları da baş verib.

Hakim orqanlar adamların evakuasiyası üçün hərbi təyyarələrdən, vertolyotlardan, yük maşınları və qayıqlardan istifadə edirlər.