Həftəsonu Əfqanıstan-Pakistan sərhədində bir neçə yerdə kəskin döyüşlər baş verib, hər iki tərəfdən ölənlər və yaralananlar var. İslamabad iki böyük sərhəd keçid məntəqəsini bağlayıb.
Pakistan ordusu oktyabrın 12-də bildirib ki, 200-dən çox əfqan hərbçi öldürülüb, yaralıların sayı daha çoxdur.
Ordu döyüşlərdə 23 pakistanlı hərbçinin öldürüldüyünü, 29-nun yaralandığını açıqlayıb.
Kabildə "Taliban" hökumətinin sözçüsü Zabihulla Mücahid isə azı 58 pakistanlı hərbçinin öldürüldüyünü, 30-nun yaralandığını açıqlayıb. Mücahid Əfqanıstan tərəfdən doqquz hərbçinin həlak olduğunu, 18-nin xəsarət alığını bildirib.
Oktyabrın 11-də gecə başlayan toqquşmalara görə tərəflər bir-birini ittiham edib, cavab tədbirləri gördüklərini iddia ediblər.
Pakistan ordusu "Taliban"ın Pakistan üzərinə "təhriksiz hücum" etdiyini, İslamabadın özünü müdafiə etməkdən ötrü hücumun qarşısını aldığını bildirib. İddiaya görə, Pakistanın rəqibi Hindistan toqquşmalarda "Taliban"a dəstək verib.
Əfqanıstandakı "Taliban" rəhbərliyi isə bildirib ki, ölkənin "hava məkanına və ərazi bütövlüyünə qarşı təkrarlanan pozuntulara cavab olaraq" Pakistan təhlükəsizlik qüvvələrinə qarşı uğurlu əks-hücum əməliyyatları aparılıb.
Sərhəd regionundan gələn xəbərləri müstəqil təsdiqlətmək mümkün deyil.
Vaxtilə müttəfiq olan iki ölkənin münasibətləri "Taliban"ın "Təhrik-e Taliban Pakistan" (TTP) ekstremist qruplaşmasına sığınacaq verməsi iddiasından dolayı pozulub. TTP uzun illərdir İslamabada qarşı üsyan aparır.
2021-ci ilin avqustunda beynəlxalq qoşunlar Əfqanıstandan çıxandan sonra hakimiyyətə qayıdan "Taliban" TTP-ni qoruduğunu danır.