Pakistanda daşqın və torpaq sürüşməsində 300-dən çox insan həlak olub

Buner rayonundakı Pişoren kəndində daşqından sonra yerli sakinlər çayı keçirlər.

Pakistanın şimal-qərbində baş vermiş torpaq sürüşməsi və daşqınlar nəticəsində 340-dan çox insan həlak olub.

Bəzi sakinlər təhlükəli əraziləri tərk etmək barədə onlara xəbərdarlıq edilmədiyini bildirərək hakimiyyət orqanlarını günahlandırıblar. Sakinlərin sözlərinə görə, ucqar bölgələrdə belə elanlar üçün ənənəvi üsul olan məscidlərdən heç bir xəbərdarlıq yayılmayıb.

Hökumət isə bildirib ki, erkən xəbərdarlıq sistemi mövcuddur, lakin qəfil yağan güclü yağışlar səbəbindən daşqın xəbərdarlıqlar verilməzdən əvvəl baş verib.

Avqustun 15-də başlayan qəfil leysan daşqınlara səbəb olub, nəticədə onlarla ev dağılıb, yollar su altında qalıb. Ölkənin Xayber-Paxtunxva əyalətində azı 344 nəfər həlak olub. Pakistanın şimalında yerləşən bu dağlıq əyalətdə ən çox zərər çəkən Buner rayonudur. Yerli rəsmilər bildirib ki, burada 10-12 kənd qismən torpaq altında qalıb.

Əyalətin xilasetmə agentliyinin sözçüsü Bilal Əhməd Faizinin sözlərinə görə, təbii fəlakət nəticəsində Bunerdə azı 208 nəfər həlak olub. O qeyd edib ki, dağıntılar altından cəsədləri çıxarmaq üçün 2 minə yaxın xilasedici prosesə cəlb olunub.

Əyalətin fövqəladə hallar xidməti avqustun 17-də daha 54 cəsədin tapılması barədə məlumat yayıb. Rəsmilər daha əvvəl 150-dən çox sakinin itkin düşdüyünü bildirmişdi.

Xilasetmə əməliyyatı davam edərkən güclü yağış axtarış prosesini son dərəcə çətinləşdirir. Daşqınlar nəticəsində elektrik xətləri və mobil qüllələr zədələndiyi üçün ərazidə elektrik enerjisi və mobil siqnallar yoxdur.

Pakistan Meteorologiya Departamenti isə Xayber-Paxtunxva da daxil olmaqla bir neçə bölgədə yeni yağışların olacağını proqnozlaşdırıb. Avqustun 17-də verilən açıqlamada bildirilib ki, yağışların avqustun 21-dək davam edəcəyi gözlənilir.

Son aylarda baş verən daşqınlar Pakistanın müxtəlif bölgələrində ciddi itkilərə səbəb olub.

Pakistanın Milli Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib ki, iyundan iyulun sonunadək yağan yağışlar zamanı baş verən daşqınlar nəticəsində əksəriyyəti qadınlar və uşaqlar olmaqla, demək olar, minə yaxın insan ölüb və ya xəsarət alıb.

Mütəxəssislər isə bildirir ki, son illərdə daşqınların artmasının səbəblərindən biri iqlim dəyişikliyidir. İqlim dəyişikliyi nəticəsində yağışlar əvvəlki kimi geniş ərazilərə uzun müddət ərzində bərabər paylanmaq əvəzinə, kiçik ərazilərdə qəfil və şiddətli leysan şəklində yağır.