2026-cı ildə Azərbaycan hökumətinin özünüməşğulluq proqramına cəlb edəcəyi ölkə vətəndaşlarının sayında azalma gözlənir.
Bu barədə Hesablama Palatasının İşsizlikdən sığorta fondunun 2026-cı il üçün büdcə layihəsinə rəyində bildirilir: "2023-cü ildə 10 min 597 nəfər, 2024-cü ildə 8 min 278 nəfər, ümumilikdə 64 min 739 nəfər özünüməşğulluğa cəlb olunaraq aktivlərlə təmin edilib. 2025-ci ilin sonuna 9 min 738 nəfərin, növbəti ildə isə 8 min 910 nəfərin özünüməşğulluğunun təmin olunması gözlənilir".
2026-cı ildə özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsinə 77 milyon manat nəzərdə tutulur.
Hesabatdan bəlli olur ki, son illər bu istiqamətdə xərclər təsdiq olunmuş məbləğə münasibətdə az icra edilib. Məsələn, 2024-cü ildə əhalinin məşğulluğu üçün nəzərdə tutulmuş vəsaitin cəmi 69.8 faizinin icra edildiyi bildirilir: "2025-ci ilin doqquz ayı ərzində icra edilmiş məbləği (53 faiz) diqqətə alsaq, ilin sonuna üç ay müddətində əlavə 42.6 milyon manat məbləğində vəsaitin istifadəsinin tam olmayacağını, beləliklə də, aktiv məşğulluq tədbirlərinə xərclərin gözləniləndən də az icra ediləcəyini vurğulamaq olar".
Xatırlatma
İşsiz şəxslər, habelə "Məşğulluq haqqında" Qanununa uyğun olaraq mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaranlar özünüməşğulluğa cəlb edilir. Prezidentin 2016-cı il aprelin 7-də imzaladığı sərəncama əsasən, özünüməşğulluq proqramı həyata keçirilir. Proqramın məqsədi aztəminatlı ailələrin fərdi təsərrüfat qurmasını və ya mövcud təsərrüfatını inkişaf etdirməsini dəstəkləmək olmalıdır. Bu çərçivədə dövlət vəsaiti hesabına ailələrə natura qaydada mal, material və digər əmlak verilir.
Amma, bir qayda olaraq, bu proqramın icrası ilə bağlı vətəndaşlardan tez-tez şikayətlər eşidilir. Bir sıra şikayətlərdə proqram çərçivəsində vətəndaşlara verilən heyvanların bəzən sağlam olmadığı, az sonra onların tələf olduqları bildirilir. Cavabdeh rəsmilər proqramın icrası zamanı mənimsəmə və başqa qanunsuzluqlara yol verilməsi ilə bağlı iddialarla razılaşmırlar.