Özbəkistanın icra hakimiyyəti orqanları Yeni Daşkənd şəhəri ərazisinə köçürüləcək.
Bu barədə prezidentin bu il aprelin 19-da imzaladığı "İqtisadiyyatda dövlət iştirakının azaldılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamında bildirilir.
Şavkat Mirziyoyev baş nazirin başçılığı ilə Yeni Daşkəndin tikintisi üzrə koordinasiya şurasına tapşırıqlar verib. Onlar üç aya dövlət qurumlarının köçürülməsi, onların hazırkı inzibati binalarının satışından əldə olunan vəsaitin bu rayonda yeni inzibati binaların tikintisinin maliyyələşdirilməsinə yönəldilməsi planını təqdim etməlidirlər.
2023-cü ilin martında prezident Yeni Daşkənd şəhərinin tikintisinin təməlqoyma mərasimində iştirak edib. O, yeni tikiləcək binanın özülünə kapsul qoyub. Həmin şəhərdə 1 milyon insanın yerləşəcəyi gözlənilir.
2021-ci il avqustun 31-də Mirziyoyev Yeni Daşkənd şəhərinin tikintisi təşəbbüsü ilə çıxış etmişdi. Prezidentin planına görə, Daşkənd vilayətində Çirçik və Karasu çayları arasında Yeni Daşkənd şəhəri tikilməli idi. Paytaxtın dövlət qurumlarının Yeni Daşkəndə köçürüləcəyi, Daşkəndin isə yaşıl zonaya çevriləcəyi bildirilirdi.
"Yeni Daşkənd" layihəsi çərçivəsində 20 min hektar ərazidə 1 milyon nəfərlik binalar, o cümlədən 60 min nəfərlik çoxmənzilli binalar, 30 məktəb, 20 uşaq bağçası, xəstəxana və beş poliklinika tikiləcək.
Dövlət qurumları, ali təhsil müəssisələri və digər obyektlər Yeni Daşkənddə yerləşəcək. Hazırda nazirlik və idarələrin binalarının yerləşdiyi yerlərdə mehmanxanaların, ticarət mərkəzlərinin, xidmət obyektlərinin yaradılması nəzərdə tutulur.