Özbəkistan prezidenti Tacikistana ‘tarixi səfər’ edib

Özbəkistan və Tacikistan prezidentləri martın 9-da Düşənbədə görüşüblər

Tacikistana “tarixi səfər” edən Özbəkistan prezidenti Şavkat Mirziyoyev bəyan edib ki, iki qonşu ölkə arasında “tez bir zamanda çox güclü münasibətlərin qurulmasına ehtiyac var”.

Bu səfər zamanı iki ölkə arasında 27-dək saziş imzalanıb. Bu sazişlərin arasında iki ölkənin vətəndaşlarına 30 gün müddətində qarşılıqlı vizasız gediş-gəliş imkanı verən razılaşma da var.

Mirziyoyev Tacikistan prezidenti Emomali Rahmonla görüşdən sonra deyib ki, “tacik-özbək münasibətləri çox yaxın gələcəkdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməlidir”. İki lider bağlı qapılar arxasında görüşürdü.

Rahmon Mirziyoyevin ikigünlük səfərini “taleyüklü və mühüm” adlandırıb.

Bu görüşdən çəkilmiş fotolarda Rahmon və Mirziyoyevin əl-ələ tutduqları görünür.

Özbəkistanın keçmiş prezidenti İslam Karimovun vaxtında iki ölkə arasında münasibətlər son dərəcə gərgin idi.

Daşkəndin başqa Mərkəzi Asiya ölkələri ilə münasibətləri də gərgin olaraq qalırdı.

Amma bunlarla müqayisədə ən pis münasibəltlər Tacikistanla idi. Tacikistanda 1992-1997-ci illərdə baş vermis vətəndaş müharibəsi zamanı Özbəkistan İslam Hərəkatı təşkilatı öz əməliyyatları üçün Tacikistanın ərazisindən istifadə edirdi.

Bu dövrdə Özbəkistan Tacikistan və Qırğıszıstanla sərhədi boyunca minalar düzmüşdü. Düşənbə Özbəkistanın özbaşına olaraq sərhədi demarkasiya etməsi və gözətçi qüllələri qurması ilə əlaqədar etirazlarını bildirirdi.

Tacikistanın millət vəkillərindən Olimjon Salimzoda AzadlıqRadiosuna deyib ki, iki ölkə arasında vizasız gediş-gəlişə dair razılaşma dərhal qüvvəyə minəcək.

Daşkənd 2001-ci ildən Tacikistanla münasibətlərdə birtərəfli qaydada viza rejiminin tətbiqinə başlamışdı. Bu Özbəkistanda yaşayan taciklərin və Tacikistanda yaşayan özbəklərin qonşu ölkədəki yaxınlarına və qohumlarına baş çəkməsində ciddi problem yaradırdı.

Martın 9-da imzalanmış sazişlərdə habelə iki ölkə arasındakı sərhədin demarkasiyasına dair müddəalar yer alıb.

Martın 8-də Tacikistan-Özbəkistan sərhədi boyunca 8 avtomobil və bir dəmiryolu sərhəd-keçid məntəqəsi uzun illər bağlı olduqdan sonra yenidən açılıb.