Özbəkistanda məktəb direktorlarının döyüldüyü video yayılıb [video]

Yumruq (illüstrasiya)

Özbəkistanın Kun.uz xəbər saytında bu ilin avqustunda baş vermiş hadisəni göstərən bir video yayılıb. Videoda özünü Özbəkistanın Sırdərya vilayətinin Sayhunabad rayonunun icra hakimi Nosirjon Mahnud oğlu Egamberdiyev kimi təqdim edən şəxs məktəb direktorlarını cərgəyə düzərək hər birini təhqir edir və döyür.

«Mən rayono müdirini (rayon təhsil şöbəsinin müdiri nəzərdə tutulur - red.) it kimi sürüyərəm. Ancaq əslində, sənin də günahın var. Öz rayonona niyə hörmət etmirsən?», – deyə məktəb direktorlarını döyən kişi bağırır.

Məktəb direktorlarından birinin üzünə şillə vuran kişi qışqırır: «Dövlətin müstəqilliyi sənin müstəqilliyin deyil?! Bu, sənin üçün bayram deyil». Sonra o, məktəb direktorlarını təhqir etməyə davam edir.

Buna da bax:​ Özbəkistan milli valyutanı yarıbayarı devalvasiya etdi

TƏDBİRƏ AZ GƏLDİYİNDƏN...

Kun.uz saytı öz mənbələrinə istinadən yazır ki, Sayhunabad rayonunda Müstəqillik gününün qeyd olunması əvvəlcə avqustun 25-nə salınsa da, sonradan avqustun 27-nə keçirilib.

«Bəzi məktəb direktorları Müstəqillik gününün qeyd edilməsi üçün topladıqları insanları avqustun 27-də yenidən toplaya bilməyiblər. Bəziləri isə bayram mərasiminin avqustun 27-nə keçirildiyini, sadəcə, bilmirmiş. Nəticədə avqustun 27-də Müstəqillik günü mərasiminə yetərincə adam toplaşmayıb. Müstəqillik günü bayramı aşağı səviyyədə təşkil olunduğuna görə vilayət hokimi (icra başçısı) Nosirjon Egamberdiyev-ə töhmət verib. Bundan sonra rayon rəhbəri məktəb direktorlarından «qisas almaq» qərarına gəlib», – deyə Kun.uz saytı yazır.

Buna da bax:​ Özbəkistan vətəndaşları mədudiyyətsiz valyuta alış-verişi edə biləcək

Nosirjon Egamberdiyev 2016-cı ilin oktyabrında Sırdərya vilayətinin Sayhunabad rayonunun icra hakimi təyin olunub. Bu vaxta qədər o, Sırdərya vilayətinin xüsusi və peşəkar təhsil idarəsinin rəisi vəzifəsini tutub.

AzadlıqRadiosu-nun özbək xidməti Kun.Az saytında yayılmış videoyazı ilə bağlı ayrıntıları öyrənməyə çalışır.