Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 27-də "Kuksaroy" iqamətgahında səhiyyə işçiləri ilə görüşüb. O, xaricdə işləmiş özbəkistanlı həkimlər üçün yeni güzəştlərin tətbiq olunacağını bildirib. Prezidentin sözlərinə görə, vətənə qayıdan həkimlərə həm iş zəmanəti veriləcək, həm də maaşlarına aylıq 50 milyon sumadək (4 min dollardan çox) əlavə ödəniş ediləcək.
Ən azı 15 il iş stajı olan həkimlərin ipoteka kreditlərinin bir hissəsini ödəmək üçün dövlət ümumilikdə 50 milyard sum (4,1 milyon dollar) ayıracaq. Hər il 500 gənc həkimin ev almaq üçün götürdüyü kreditin ilkin ödənişinin 25 faizini dövlət qarşılayacaq.
Mirziyoyev ucqar rayonlarda çalışan mütəxəssislərə 4.5 milyon sumadək (375 dollar) əlavə pul veriləcəyini bildirib. Onlara birdəfəlik 50 milyon sumdan (4 min dollardan çox) artıq ödəniş də ediləcək.
Prezidentin sözlərinə görə, güzəştlər tibb tələbələrinə də şamil olunacaq. Bakalavr təhsilli tibb bacılarına aylıq 1.5 milyon sum (125 dollar), magistratura məzunlarına isə 2.5 milyon sum (208 dollar) əlavə ödəniş veriləcək.
2027-ci ildən başlayaraq dar ixtisaslar üzrə rezidentura təhsili pulsuz olacaq. Dövlət ilkin səhiyyə xidməti və rayon xəstəxanalarının əməkdaşlarının təhsil xərclərini öz üzərinə götürəcək.
"Azattyq Asia" yazır ki, Özbəkistanın ilk prezidenti İslam Kərimovun hakimiyyəti dövrü "beyin axını" ilə yadda qalıb. Bir sıra sahələrin mütəxəssisləri Rusiyaya, Avropa ölkələrinə, ABŞ-yə, Kanadaya və Birləşmiş Ərəb Əmirliklərinə üz tutublar. Ş.Mirziyoyev hakimiyyətə gələndən sonra xaricdəki yüksək ixtisaslı özbəkistanlıları fəal şəkildə vətənə qayıtmağa çağırır. İnvestorlar üçün xüsusi vizalar tətbiq edilib, mütəxəssislərin vətəndaşlıq və yaşayış icazəsi alması, həmçinin xarici diplomların tanınması prosedurları sadələşdirilib.