Daşkənd və Bakı Özbəkistan bazarı üçün avtomobil və aviasiya yanacağının birgə istehsalını müzakirə edirlər. Neft və neft məhsullarının uzunmüddətli tədarükü də danışıqlar mövzusudur. Xəbəri AzadlıqRadiosunun Orta Asiya üzrə rusdilli bölməsi olan “Azattyq Asia” yayıb.
Özbəkistanın energetika naziri Şerzod Xocayev bildirib ki, bir variant yanacağın həm Özbəkistanın, həm də Azərbaycanın neft emalı müəssisələrində istehsalıdır. Daşkənd Azərbaycana bu cür əməkdaşlıqla bağlı bir neçə variant təklif edib.
Energetika Nazirliyinin məlumatına görə, tərəflər neft və neft məhsullarının uzunmüddətli tədarükünü, karbohidrogen xammalının birgə emalını, texnologiya mübadiləsini və dayanıqlı logistika zəncirlərinin yaradılmasını da nəzərdən keçirirlər.
Sentyabrın ilk ongünlüyündə Xocayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. Azərbaycan Energetika Nazirliyi və SOCAR-la danışıqlar aparılacaq. Danışıqlarda Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Daşkəndə səfəri, Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə əldə edilmiş razılaşmaların icrası müzakirə olunacaq.
Özbəkistan neft məhsullarının idxalından çox asılıdır. Əsas tədarükçülərdən biri Rusiyadır. Ukrayna dronlarının Rusiyadakı neft emalı zavodlarına zərbələri bu ölkədə də yanacaq çatışmazlığı yaradıb. Moskvanın yanacaq ixracına qadağa qoyması fonunda Özbəkistan, Orta Asiyada Rusiya tədarükündən asılı digər ölkələri alternativ mənbələr axtarışını gücləndiriblər.
Bundan əvvəl Gürcüstan və İraqdan aviasiya kerosininin tədarükünə başlanması barədə məlumat verilmişdi. “Özbəkneftqaz” Çin şirkətləri ilə Jet A-1 markalı aviasiya yanacağının uzunmüddətli tədarükünü də müzakirə edib.