Orucluq aprelin 2-də başlayacaq

Ramazan hazırlığı

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.

Orada qeyd olunub ki, Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il üfüqdə Ayın görünməsindən asılı olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 2-nə təsadüf edəcək.

Ramazan bayramı isə mayın 2-də olacaq.

Orucun mühüm əməllərindən biri sayılan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının imkansızlara verilməsi məsləhətdir.

Xatırlatma

İslam dininə görə, "Qurani-Kərim" Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. Bu dinə görə, həmin ayda oruc tutmaq vacib bilinir. Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib. Bu ayda bəzi müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar. Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul etmirlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq da, İslam qaydalarına görə, düzgün sayılmır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da günah sayılır.