11 nəfəri rüşvətlə xidmətə yararsız saymaqda günahlandırılır

Baş Prokurorluq

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX ) Bakı şəhər Sabunçu rayon idarəsinin rəisi 11 nəfəri rüşvətlə hərbi xidmətdən yayındırmaqda ittiham edilir.

Bununla bağlı Baş Prokurorluq bu gün, avqustun 17-də məlumat yayıb.

Məlumata görə, idarənin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair həmin Xidmətdən daxil olmuş material üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

İstintaq Rövşən Babayevin 08.11.2016-cı ildən 08.05.2019-cu ilə kimi Xidmətin Bakı şəhər Sabunçu rayon idarəsinin rəisi vəzifəsində işlədiyi dövrü əhatə edir. O, idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Yaşar Hüseynov (hazırda SHXÇDX-nin Xəzər rayon idarəsinin şöbə rəisi) və digər şəxslərlə birgə qanuni əsaslar olmadan 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsi əvəzində rüşvət almaqda şübhəli sayılır. Onlara Cinayət Məcəlləsinin 341.2.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ), 341.2.3 (...ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma), 311.3.2 (təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

"Prokurorluğun təqdimatı əsasında məhkəmə tərəfindən Rövşən Babayev barəsində həbs, Yaşar Hüseynov barəsində isə vəzifədən kənarlaşdırma, eləcə də istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə-qətimkan tədbiri seçilib", - məlumatda yazılıb.

Hələlik, bu açıqlamaya sözügedən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.