Macarıstanda seçkini Orban udur

Viktor Orban

“Hamı bizə qarşı çıxsa da, ən yaxşısını əldə etdik”, – Orban deyib

Macarıstan birləşmiş müxalifətinin lideri Piter Marki-Zay 3 aprel parlament seçkisində məğlubiyyəti etiraf edib. Ölkənin millətçi Baş naziri Viktor Orban isə qalib gəldiyini açıqlayıb.

49 yaşlı Marki-Zay Orbanın Fidesz partiyasının ölkədə media məkanında üstünlüyü və dövlət resurslarından sui-istifadə hesabına gəldiyini deyib.

“Fidesz-in böyük səs çoxluğu qazanmasını etiraf edirik. Amma seçkinin demokratik və azad keçirilməsini mübahisələndiririk”, – o deyib.

Buna da bax: Orban Rusiyadan əlavə qaz almağı nəzərdən keçirir

Mərkəzi seçki komissiyası aprelin 3-də bülletenlərin 98 faizinin sayıldığını, Fidesz-in 53.1, Marki-Zay-ın altı partiyadan ibarət alyansının isə 35 faiz səs yığdığını açıqlayıb. Fidesz parlamentdəki 106 təkmandatlı yerdən 88-ni qazanıb.

58 yaşlı Orban isə deyib ki, “qələbə o qədər böyükdür ki, Aydan da görünür”.

“Hamı bizə qarşı çıxsa da, ən yaxşısını əldə etdik”, – Orban deyib.

Buna da bax: Macarıstan iqtidarı 'Pegasus' proqramından istifadə etdiyini etiraf edir

İlkin nəticələrə görə, Fidesz parlamentin üçdə ikisinə, 135 yerə sahiblənəcək. Müxalifət alyansının ilə 56 mandatı olacaq. İfrat sağçı “Vətənimiz” partiyası yeddi mandat qazanıb.

ATƏT seçkiyə tam monitorinq missiyası göndərmişdi, potensial seçki saxtakarlığı və hakim partiyanın xeyrinə dövlət resurslarından istifadə sarıdan narahatlıq vardı.

Orban aprelin 1-də seçki yürüşündə deyirdi ki, seçkini müxalifət udacağı halda, “ertəsi günü” silahlar Ukraynaya axacaq, Rusiyadan enerji idxalı kəsiləcək, macarıstanlılara, ölkə iqtisadiyyatına ziyan dəyəcək.