'Əlimdən tutub, sonra belimi bükdü': Onlayn kreditlər yavaşladılır, borclular isə çarə axtarır

Sizin brauzer HTML5-i dəstəkləmir

Linkə kliklədi, adına xəbərsiz 18 min manat kredit açıldı – hakim bankı haqlı çıxardı (Arxiv videosu)

Telefonun ekranında bir neçə düyməyə toxunursan, kredit məbləğini seçirsən və pul hesabına köçürülür. Sürətli və rahat görünən bu proses bəzən insanı fərqinə varmadan yeni borc öhdəliyinin içinə sala bilir. Azərbaycanda isə indi bu prosesi yavaşıtmaq istəyirlər. Yəni, məsafədən istehlak krediti götürmək daha əvvəlki qədər sürətli olmayacaq.

2 saatdan 24 saata kimi gözləmək tələbi

Oktyabrın 1-dən məsafədən istehlak kreditlərinin verilməsi ilə bağlı yeni qaydalar qüvvədədir.

Azərbaycan Mərkəzi Bankının (AMB) qərarına əsasən, vətəndaş banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) yazılı müraciət edərək öz adına məsafədən istehlak krediti verilməsinə və ya kredit limitinin artırılmasına məhdudiyyət qoya bilər. Həmin şəxs sonradan məsafədən kredit götürmək və ya kredit limitini artırmaq üçün müraciət etdikdə, bank və ya BOKT müştərini bu barədə dərhal məlumatlandıracaq. Üstəlik, kredit təsdiqləndikdən sonra pul da dərhal hesaba köçürülməyəcək. Məbləğ minimum əmək haqqının iki mislindən çox olduqda vəsait 24 saat sonra təqdim olunacaq. Vəsait minimum əməkhaqqının iki mislinədək olduqda isə pul müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən iki saat sonra veriləcək.

Beləliklə, rəsmilərin ritorikasında bu dəyişikliyin amalı ani kredit qərarlarının qarşısına əlavə vaxt və təsdiq mexanizmi qoymaqdır.

"Gəlirim borclarımdan dəfələrlə azdır"

Məcburi ehtiyaclarına görə kredit götürdüyünü, artıq beş ildir borcu borcla ödədiyini deyən Xatirə isə dəyişikliklərin heç də hamıya sərf etməyəcəyini söyləyir.

"Mənim təcili pula ehtiyacım olanda iki saat, ya da bir sutka gözləmək çətin olacaq. Bəzən bir krediti bağlamaq üçün digər kreditə möhtac qalırsan. İndi deyirlər ki, aktiv kreditin varsa, yenisini götürə bilməyəcəksən, üstəlik, üç iş günü də gözləməlisən. Bəs həmin müddətdə borcumu necə ödəyim? Mən artıq borca düşmüşəmsə, yeni kreditin qarşısını almaqla problem həll olunmur, axı. Əsas məsələ odur ki, bu borcdan necə çıxım? Gəlirim borclarımdan dəfələrlə azdır, buna görə də bəzən məcbur olursan ki, yeni kredit alasan", – deyə AzadlıqRadiosunun müsahibi gileylənir.

Azərbaycanda kredit bazarı böyüyür

Bu dəyişiklik ölkədə kredit bazarının genişləndiyi bir dövrdə tətbiq olunur.

2026-cı ilin yanvarından avqustunadək ölkə üzrə ümumi kredit portfeli 2 milyard 844.1 milyon manat və ya 9.49 faiz artaraq 29 milyard 980.1 milyon manatdan 32 milyard 824.2 milyon manata yüksəlib.

Həmin dövrdə istehlak kreditlərinin məbləği 8.86% artıb.

İstehlak kreditləri vətəndaşların şəxsi ehtiyacları – müxtəlif mal və xidmətlərin alınması, təmir və digər xərclərin qarşılanması məqsədilə götürdüyü kreditlərdir.

AMB-nin məlumatına əsasən, yanvarda 9 milyard 425 milyon manat olan istehlak kreditinin həcmi avqustda 10 milyard 261.2 milyon manata çatmaqla 835.3 milyon AZN artıb. Bu rəqəmlər Azərbaycandakı 21 bankın ümumi göstəriciləridir. Əslində, ölkədə son illər istehlak kreditləri durmadan artır. Elə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak kreditlərində təqribən 1 milyard manat artım var.

BOKT-lar diqqət mərkəzinə gəlir

Kredit bazarındakı proseslər yalnız banklarla məhdudlaşmır. Bank olmayan kredit təşkilatları (BOKT) da istehlakçılara kredit ayıran əsas maliyyə institutlarından biridir. BOKT-ların kredit bazarındakı payı da artır. Mərkəzi Bankın məlumatına görə, 2026-cı il avqustun 1-nə BOKT-ların verdiyi kreditlərin ümumi həcmi 2 milyard 59.8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17.1 faiz çoxdur. BOKT-ların ölkədə ümumi kredit qoyuluşunda payı isə 6 faizə çatıb. Həmin tarixdə ölkədə 53 BOKT fəaliyyət göstərirdi.

Oktyabrın 10-dan BOKT-ların verdiyi gündəlik kreditlər üçün digər qaydalar da qüvvəyə minəcək. Gündəlik kreditlər maksimum 500 manat və 45 gün müddətinə verilə bilər. Buna maksimum 0.3 faiz tətbiq oluna bilər. Borcunu vaxtında ödəyə bilməyən şəxs borcun 20 faizini ödəməklə qalan məbləği bir dəfə, maksimum 45 gün müddətinə uzada biləcək. Bu zaman əlavə gecikmə faizi və cərimə tutulmayacaq. Kredit üzrə əlavə xərclərin ümumi məbləği də götürülən borcun 100 faizindən çox ola bilməz. Məsələn, 100 manat kredit götürən şəxs ümumilikdə 200 manatdan artıq ödəməməlidir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Problemli kreditlər azalmır, artır

Bundan başqa, aktiv gündəlik krediti olan şəxsə yeni gündəlik kredit verilə bilməz. Kredit tam bağlandıqdan sonra yeni gündəlik kredit üçün üç iş günü gözləmək lazım olacaq. Gündəlik kredit üçün ev və ya avtomobil kimi əmlakın girov qoyulması da tələb edilə bilməz.

Azərbaycan Mərkəzi Bankının (AMB) BOKT-lara nəzarət departamentinin direktoru Xəyyam İsmayılov da yerli mediaya ötən ay bildirib ki, bu qurumların regionlarda təmsilçilik səviyyəsi bəzi banklarla müqayisədə daha yüksəkdir. 2025-ci ildə Azərbaycan BOKT-larının kredit portfeli 1 milyard 45.1 milyon manat təşkil edib. BOKT-ların kredit portfeli 2024-cü ilin eyni dövrü ilə müqayisədə 236.8 milyon manat və ya 29.3 faiz artıb.

Bu arada, 2015-ci ildə baş verən iki devalvasiyaya qədər Azərbaycanda BOKT-ların sayı 160-a bərabər idi. Bu yaxınlarda bəzi BOKT-ların lisenziyası ləğv edilib və onların sayı 51-ə düşüb.

"Əvvəlcə 7 min manat kredit götürdüm"

Amma bu rəqəmlərin arxasında sadəcə milyardlarla manatlıq kredit portfeli deyil, ayın sonunu borc içində başa vuran insanlar dayanır. Bəziləri bir krediti ödəmək üçün digərinə üz tutur. Beləcə, borcu borcla bağlamağa çalışan vətəndaş özünü borc içində çabalayan vəziyyətdə tapır.

AzadlıqRadiosuna danışan H.Quliyevin hazırda bank və BOKT-lara ümumilikdə 12 min manatdan çox borcu var. Deyir, əvvəlcə müəyyən xərclərini qarşılamaq üçün kredit götürüb. Sonra ödənişlər çətinləşib, borcu bağlamaq əvəzinə kredit yükü daha da artıb. İndi isə bir neçə ayrı quruma olan borclarla yanaşı, aylarla davam edən gecikmələrlə üz-üzədir: "Hazırda bir çox yerə borcum var... Bəzi xərclərim üçün əvvəlcə 7 min manat kredit götürdüm. Ödəyə bilmədim, sonra kredit məbləğini artırdım. Nəticədə borcum 15 min manata çatdı. İndi 8 min qalıb, amma iki aylıq da gecikməm var, təxminən 530 manat ödəməliyəm. Amma iki aydır ödəyə bilməmişəm".

H.Quliyevin dediyinə görə, banklar əməkhaqqına və gecikmələr əsasında kredit təyin edir: Banklar hesablayır ki, vətəndaş kreditini ödəyəndən sonra dolana bilmək üçün cibində bəs edəcək qədər pulu qalır. BOKT-lara müraciətdə isə özün anket doldurursan və oradakı məlumatlara əsasən kredit ayrılıb".

Kredit götürmə anını "yavaşlatmaq"

Bank məsələləri üzrə ixtisaslaşmış iqtisadçı Rəşad Həsənovun fikrincə, məsafədən kreditlə bağlı oktyabrın 1-dən qüvvəyə minən tələblər müştəri hüquqlarının müdafiəsinə yönəlikdir. O bildirir ki, istehlak bazarında bu sahə üzrə kreditlərin verilməsində onlayn metodların tətbiqinin genişlənməsinin qarşısı alına bilər.

Tənqidçilər onu da istisna etmir ki, kreditlərin artması həm də ölkədə kiçik sahibkarların boğulması və bununla da artan iqtisadi yükün ödənilməsi üçün kreditlərə üz tutması ilə əlaqəlidir.

R.Həsənov deyir ki, bəzi satıcılar məhsulların kreditlə satışını həyata keçirmək üçün BOKT-larla əməkdaşlıq edirlər: "Buna görə də vətəndaş bu şəraitdə fərqli-fərqli kredit təşkilatlarına borclana bilər. Həmçinin, bu kredit təşkilatları isə yüksək riskli kreditləşməyə meylli ola bilirlər. Bu da müəyyən qədər banklardan kredit əldə edə bilməyən insanların kredit təşkilatlarından kredit götürməsi imkanını formalaşdırır".

Elə Azərbaycandakı yeni qaydalar da əsasən BOKT yolu ilə kredit götürmə anını yavaşlatmağa yönəlib.

Xarici təcrübədə isə bu yanaşma daha genişdir. Avropa İttifaqında istehlakçıya kredit müqaviləsindən 14 gün ərzində geri çəkilmək hüququ verilir. Belə olduqda da vətəndaş yalnız istifadə olunan günlər üçün faiz ödəyir. Norveçdə bank yeni kredit verməzdən əvvəl şəxsin mövcud istehlak borcları və kredit limitləri barədə məlumat əldə edə bilir. Norveçdə kreditin "tez və asan" əldə olunması ayrıca marketinq üstünlüyü kimi təqdim edilə bilməz. Qanunvericilik kredit reklamlarında pulun tez əldə olunması, sorğuya sürətli cavab verilməsi, müraciətin asanlığı və kreditə əlçatanlığın aşağı həddi kimi amillərin ön plana çıxarılmasını qadağan edir. Bu qayda 2017-ci il iyulun 1-dən qüvvədədir.

Kredit bataqlığından çıxa bilmədiyini deyən H.Quliyev ödənişləri gecikdirdiyinə görə indi borcunu borcla da bağlaya bilmir. O, az qala hər gün məhkəməyə veriləcəyi barədə təhdidlər də alır: "Krediti elə anketdə yazdıqlarıma əsasən ayırdılar. Yəni heç baxmadılar ki, bu adamın hara və nə qədər borcu var. Həmin an bu pul mənə kömək kimi görünsə də, sonradan belimi bükdü; indi bu ağır öhdəliklərin altında qalmışam".