Ombudsmandan təkliflər var...

Ombudsman Səbinə Əliyeva

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün, fevralın 27-də keçirilən iclasında "İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi" müzakirəyə çıxarılır.

Yerli saytların məlumatına görə, məruzədə bir sıra təkliflər də yer alıb.

Ombudsman xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiqini təklif edir. Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqı güzəştləri, əsasən, 2002-ci ildə Nazirlər Kabinetinin qərarı ilə ləğv edilib.

Eyni zamanda, Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, bununla da şəhər mərkəzinə şəxsi avtomobillərin axınının minimuma endirilməsi məqsədilə müasir standartlara cavab verən avtobusların sayının artırılması istənilir.

Habelə, yetkinlik yaşına çatmayan məhkumlara ali məktəblərə qəbul imtahanında iştirak imkanının yaradılması tövsiyə olunur. Məruzəyə əsasən, yetkinlik yaşına çatmayan, habelə xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş məhkumların ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edə bilmələri üçün mexanizmin hazırlanması vacib sayılır.

Üstəlik, Ombudsman əlilliyin qiymətləndirilmə prosedurlarının sadələşdirilməsini də istəyir.

Son illər Azərbaycanda əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər edilib. Nəticədə əlilliyin verilməsi ilə bağlı şikayətlər artıb. Ekspertlər də əlilliyin müəyyən edilməsi ilə bağlı şərtlərin ağırlaşdırıldığını vurğulayırlar.

Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilsin...

Ombudsmanın daha bir təklifi qiyabi təhsil alanlara hərbi çağırışla əlaqəli möhlət verilməsi ilə bağlıdır.

Amma hər il ombudsmanın hazırladığı məruzəni ölkənin bəzi hüquq müdafiəçiləri sərt tənqid edirlər. Bu tənqidlərdə əsas arqument isə ondan ibarətdir ki, ombudsmanlar fəaliyyətləri ərzində bir dəfə də olsun həbsxana və təcridxanalarda işgəncə faktını üzə çıxara bilməyiblər. Onların fikrincə, əksinə, tez-tez təkrarlanan belə hallarla bağlı Ombudsman Aparatının mövqeyi hüquq-mühafizə orqanlarının mövqeyindən kəskin şəkildə fərqlənmir.

Builki məruzədə də işgəncə məsələlərindən gərəkli formada bəhs olunmadığı bildirilir.

Xatırlatma

Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildən fəaliyyət göstərir. Bu quruma 17 il Elmira Süleymanova rəhbərlik edib. 2019-cu ildən onu Səbinə Əliyeva əvəz edir. O, Milli Məclisin komitə sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçilərindən Siyavuş Novruzovun xanımıdır.