Almaniyanın Kansleri Olaf Şolts deyir ki, Rusiyanın işğalına baxmayaraq, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü sürətləndirilə bilməz. Kiyev isə bu bəyanatı “ikinci dərəcəli” davranış kimi dəyərləndirib.
“Aİ-yə aparan kəsə yol yoxdur”, – Şolts mayın 19-da Almaniya parlamentində deyib. Onun sözlərinə görə, Ukraynaya müstəsna münasibət bloka üzv olmaq istəyən Qərbi Balkan ölkələrinə haqsızlıq olardı.
“Üzvlük prosesi bir neçə ayın, yaxud ilin işi deyil”, – Şolts vurğulayıb.
Kansler Ukraynaya qısa müddətə kömək üçün digər yollara əl atmağa çağırıb. Onun sözlərinə görə, prioritet “Ukraynaya cəld və praqmatik dəstəyə konsentrasiya olunmaq”dır.
Buna da bax:
Moskva Azovstal-da 1700 döyüşçünün ‘təslim olduğunu’ deyirMakronun təklifi
Fransa Prezidenti Emmanuel Makron da Ukrayna kimi namizədin Aİ-yə qoşulmasının “onillər” çəkəcəyini deyib. Makron təklif edib ki, blokdan kənar daha geniş siyasi təşkilat yaradılsın, hətta Britaniya ora salınsın.
Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba Şoltsun bəyanatını tənqid edərək, Aİ-nin bəzi üzvlərinin Kiyevə qarşı “ikinci dərəcəli yanaşma” sərgilədiyini deyib.
“Son illər Aİ-nin bəzi paytaxtlarının Ukraynanın Avropa perspektivilə bağlı göstərdiyi strateji ikimənalılıq iflas edib və buna son qoyulmalıdır”, – Dmitro Kuleba Twitter-də yazıb.
Onun sözlərinə görə, bu yanaşma yalnız Rusiya Prezidenti Vladimir Putini “cəsarətləndirib”.
Kuleba deyir ki, Ukraynaya “ikinci dərəcəli yanaşma” “ukraynalıların hisslərinə toxunur”.
Sammitdə aydın mesaj veriləcək
Şoltsun mayın 19-da dediyinə görə, ayın sonunda Aİ sammitində “Qərbi Balkanların Aİ-yə məxsus olmasına dair aydın mesaj verəcək”.
Buna da bax:
Rusiya-Ukrayna savaşı Azərbaycanda siqaret istehsalçılarını çətin duruma salıb“Onlar illərdir intensiv islahatlar aparır, üzvlüyə hazırlaşırlar”, – Şolts deyib.
“Bizim onlara verdiyimiz vədi tutmağımız öz etibarımızla bağlı məsələdir. Onların inteqrasiyası bu gün həmişəkindən daha çox strateji marağımızdadır”, – o vurğulayıb.
27 üzvlük blokun liderləri oktyabrda Sloveniya sammitində Qərbi Balkanlardan altı namizəd ölkənin üzvlüyü üçün konkret qrafik təklif etməyib, yalnız o vurğulanıb ki, blok “genişlənmə prosesinə sadiqdir”.
Aİ-nin bəyanatı Albaniya, Bosniya, Serbiya, Monteneqro, Şimali Makedoniya və Kosovo tərəfindən məyusluqla qarşılanmışdı.