Bu gün - martın 1-də Azərbaycanda Novruzun ikinci- Od çərşənbəsi qeyd olunur.
Buna xalq arasında "Üskü çərşənbə" də deyilir. Novruzun gəlişindən asılı olaraq, hər il bir neçə gün fərqlə çərşənbələr (hər həftənin ikinci günləri) qeyd edilir.
Bu çərşənbənin qədim insanların Günəşə, oda olan inamından irəli gəldiyi bildirilir. Adət-ənənəyə görə, Od çərşənbəsində tonqal qalayıb alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Əslində bütün çərşənbələrdə tonqal qalanır.
Bu il bundan əvvəl fevralın 22-də isə Su çərşənbəsi keçirilmişdi.
Novruz bayramına dörd həftə qalmış dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə keçirilir.
Martın 8-də Yel, martın 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
2022-ci ildə yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 19:33-də qədəm qoyacaq.
Novruz bayramı Azərbaycandan başqa dünyanın bir çox ölkələrində qeyd edilir.