Bakıya 1, Yerevana 5 əsir qaytarılıb

Arxiv fotosu

Fevralın 9-da Azərbaycan və Ermənistan arasında əsirlərin növbəti mübadiləsi keçirilib.

Bu barədə xəbəri RIA Novosti Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinə istinadən yayıb.

Sülhməramlıların komandanı, general-leytenant Rüstəm Muradov deyib ki, Bakıya 1, Yerevana 5 əsir gətirilib.

O bildirib ki, əsirləri Yerevana və Bakıya Rusiyanın hərbi təyyarələri çatdırıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun baş nazirin müavini Tiqran Avinyanın ofisindən aldığı məlumata əsasən yazır ki, Ermənistana gətirilən əsirlərdən üçü Hadrut rayonunun Çaylaqqala kəndinin ərazisində əsir düşmüşdü.

Buna da bax: BMT ekspertləri əsirləri ‘dərhal’ buraxmağa çağırır

Xəbərdə deyilir ki, hava limanında gətirilənlərdən birinin hələ oktyabrda əsir düşdüyü məlum olub.

Azatutyun yazır ki, ümumilikdə Azərbaycandan Ermənistana indiyədək 64 əsir qaytarılıb, amma 9 noyabr razılaşmasından sonra əsir düşmüş 62 hərbçidən indiyədək yalnız 8-i erməni tərəfinə verilib.

Azatutyun yazır ki, erməni tərəfinin məlumatına görə Azərbaycan tərəfində 200-dən çox erməni əsir var.

Azərbaycan bu rəqəmi təsdiqləmir.

Fevralın 9-da əsirlərin dəyişdirilməsi barədə xəbərə hələki rəsmi Bakıdan münasibət bildirilməyib.