Mamdani Nyu-Yorkun meri seçilib

Zöhran Mamdani və xanımı Rama Duvaci seçki gecəsi tədbirində

Donald Trampın ikinci prezidentlik dönəminin ilk böyük seçkisində demokratlar qalib gəlib.

34 yaşlı demokrat sosialist Zöhran Mamdani Nyu-Yorkun meri seçilib. Virciniya və Nyu-Cersidə isə mötədil demokratlar 46 yaşlı Abiqeyl Spanberqer və 53 yaşlı Miki Şerril qubernator seçiliblər.

"Reuters" yazır ki, 4 noyabr seçkiləri amerikalıların Trampın doqquz aylıq prezidentliyinə reaksiyasını ölçmək üçün barometr sayılırdı. Bu seçki həm də Demokratlar Partiyasının müxtəlif seçki strategiyalarını sınaqdan keçirməyinin bir test idi.

Bir ildən sonra ölkədə aralıq seçkiləri keçirilməlidir. Trampın reytinqinin düşməyinə baxmayaraq, rəy sorğuları demokratların, əsasən, qeyri-populyar olduğunu göstərir.

Demokratların bu üç namizədi, əsasən, iqtisadi məsələləri, xüsusilə qiymətlərin münasibliyini vurğulayıblar. Bir çox seçici üçün əsas məsələ məhz budur.

ABŞ-nin ən böyük şəhərinin birinci müsəlman meri seçilən Mamdani demokratlardan keçmiş qubernator Endryu Kuomonu xeyli geridə qoyub. Nyu-Yorkun hazırkı meri keçmiş polis zabiti Erik Adamsdır. Mamdani korporasiyalar və zənginlər üçün vergiləri yüksəltməyə, bunun hesabına ambisiyalı sol-qanad siyasətini gerçəkləşdirməyə fokuslanır. Bu siyasətə kirayə haqlarının dondurulması, pulsuz uşaq baxımı, pulsuz şəhər avtobusları daxildir. Şirkət rəhbərləri demokratik sosialistin dünyanın maliyyə paytaxtının başına keçməsindən narahatlıq bildiriblər.

Tramp sosial media postunda yazıb ki, seçkidəki itkilər onun adının bülletendə olmaması və federal şatdaunun davam etməsi ilə bağlıdır.

Virciniyada Spanberqer respublikaçı vitse-qubernator Uinsom Örl-Sirsə qalib gəlib, respublikaçı qubernator Qlenn Yanqkini əvəz edəcək.

Nyu-Cersidə isə Şerril respublikaçı Cek Çattarellini məğlub edib. Ştatın hazırkı qubernatoru demokrat Fil Mörfidir.