Nürnberq prosesinin sonuncu prokuroru vəfat edib

Benjamin Ferens, Nürnberqdəki Beynəlxalq Hərbi Tribunal, 1947

Nürnberq məhkəməsinin sağ qalan sonuncu prokuroru Benjamin Ferenc 103 yaşında ABŞ-da vəfat edib.

Ferenc 1920-ci ildə Macarıstanda anadan olub. Macarıstanda yəhudilər təqib olunduğu üçün o bir yaşında olanda ailəsi ABŞ-a köçüb.

Buna da bax: Gestaponun qəddar tibbi eksperimentlərinin qurbanları

Harvardda hüquq təhsili alan Ferenc 1945-ci ildə nasist ordusunun hərbi cinayətlərinə dair sübutlar toplayan qrupa qoşulub. Xüsusilə, Amerika ordusunun azad etdiyi həbs düşərgələrində çalışıb.

O, 27 yaşında Nürnberq məhkəmələrində - hərbi cinayətkarların məhkəməsində prokuror olub. Ferenc Şərqi Avropa və SSRİ-nin işğal olunmuş ərazilərində insanların kütləvi şəkildə məhv edilməsi ilə məşğul olan SS bölmələrinin işində prokuror kimi çıxış edib.

Onun prokuror kimi iştirak etdiyi işdə ümumilikdə 1 milyondan çox adamı qətlə yetirməkdə ittiham olunan 22 müttəhim iştirak edib. Onlardan 13-ü ölüm cəzasına məhkum edilib.

Buna da bax: Vaşinqton hərbi canilər üçün ‘hibrid məhkəmə’ni dəstəkləyir

Nürnberq məhkəmələrindən sonra Ferenc nasizmdən zərəçəkən xalqlara və ölkələrə dəymiş ziyana görə təzminat və restitusiyanı nəzərdə tutan proqramlarla məşğul olub .

O, həmçinin Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasında iştirak edib. Bu şəhərdə piyada yollarından biri onun adını daşıyır.